Ukraynanın Kurska hücumu Rusiya ilə daha əlverişli şərtlərlə sülh danışıqlarına nail olmaq istəyindən qaynaqlanır. Kiyev hücumu Qərbdəki havadarlarının siyasi və hərbi dəstəyi, birbaşa maliyyə yardımı hesabına həyata keçirib. Bu, təkcə hücumda ABŞ və Qərb silahlarından istifadə etməklə bağlı amillərdən irəli gəlmir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, məlumdur ki, peyklərdən informasiya məlumatı yönləndirilməsəydi Ukrayna həmin silahlardan uğurla istifadə edə bilməzdi:
"Kurska hücum ərəfəsində rəsmi Minskin Ukrayna ilə həmsərhəd bölgələrdən qoşunlarını geri çəkməsi dolayısı yolla olsa da, Kiyev və Qərbin xeyrinə oldu. Ukrayna məhz bu istiqamətlərdəki hərbi qüvvələri Kurska cəmləyərək burada qüvvə üstünlüyünü təmin edə bilmişdi.
Etiraf etmək lazımdır ki, hücum Rusiyada bölgə əhalisində şok doğurub. Bununla belə hökumət sistemli şəkildə əhalinin döyüş bölgələrindən təxliyəsini həyata keçirə bilib. Bütün hallarda Qərb bu hücumla Rusiyada Putin iqtidarına qarşı əhalidə ümidsizlik və etimadsızlıq yaratmağa nail ola bilməyib.
Ukrayna məlum istiqamətdə Rusiyanin təxminən 1000 kvadratkilometr ərazisinə yiyələnib. Bu isə Rusiyanın Ukraynada özünə ilhaq etdiyi 62 min kvadratkilometrlə müqayisədə dəfələrlə azdır. Eyni zamanda Ukraynanın ümid etdiyi kimi heç bir ərazi mübadiləsindən söhbət belə gedə bilməz. Zelenski bu hücumla Qərbdəki havadarlarına özünün hələ də nəyəsə qadir olduğunu göstərməklə bəlkə də sonuncu cəhdini edib. Özünün də dediyi kimi "heyrətləndirməyi" bacarıb. Hücum Ukraynanın bütün qüvvələrinin səfərbər edilməsi hesabına həyata keçirilib. Böyük itkilər hesabına reallaşdırılıb. Hücumun davamlı olması üçün rəsmi Kiyevin resursları yox dərəcəsindədir”.
Politoloq bildirib ki, Rusiyanın ehtiyatda nəhəng qüvvələri var:
“Bundan əlavə hücum Rusiyanın Donetskdə həyata keçirdiyi hücum əməliyyatlarına heç bir halda təsir etməyib. Rusiyanin elit hərbi qüvvələrinin Ukrayna silahlılarını qısa zamanda Kurskdan çıxaracağı Qərbdəki hərbi mütəxəssislərə belə məlumdur. Bundan əlavə bu hücumdan sonra Rusiya ümumiyyətlə Kiyevlə hər hansı danışıqlara getməyəcəyini bəyan edib. Rusiya xarici kəşfiyyatı da yaxınlarda Zelenskinin Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakovla əvəzlənəcəyi barədə məlumatlar əldə edib. Bu Avakovun Ukraynanın millətçi dairələri habelə Qərblə sıx münasibətlərin göstəricisi olaraq diqqəti cəlb edir. İstisna deyil ki, Qərb Rusiya ilə danışıqların aparılmasını da ona həvalə edə bilər”.