23 Avqust 12:44
4 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan Ermənistanın “Müstəqillik Bəyannaməsi”nin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə xalqa təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir ölkə konstitusiyasında istinad edilən bəyannamədəki bir sıra ziddiyyətlərə diqqət çəkib.

Nikol Paşinyanın məsələ ilə əlaqədar diqqət çəkdiyi məqam belədir:

“1995-ci ildə Müstəqillik Bəyannaməsinə istinad Ermənistan Konstitusiyasının preambulasında öz yerini tapıb və indi də qalır. Amma müxtəlif şərhlərin əksinə olaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu Ermənistan Konstitusiyasına daxil edilib və bu iki sənədin məzmunu eynidir.

Bunun ən bariz sübutu bəyannamənin 5-ci maddəsində göstərilir: “Ermənistan Respublikası öz təhlükəsizliyi və sərhədlərinin bütövlüyünü təmin etmək məqsədilə Ali Sovetin nəzdində öz silahlı qüvvələrini, daxili qoşunlarını, dövlət və ictimai təhlükəsizlik orqanlarını yaradır”.

Bəyannamənin ifadəsinə baxmayaraq, Ermənistan Konstitusiyasına əsasən, Ermənistan Silahlı Qüvvələri, Polis qüvvələri, dövlət və ictimai təhlükəsizlik orqanları ölkə parlamentinə tabe deyil, konstitusiya dəyişikliyi ilə 2015-ci ildə ölkə prezidentinə tabe oldu, 2018-ci ilin aprelindən sonra da hökumətə”.

Onun iddiasına görə, 1990-cı ilin əvvəlində Ermənistan yaranarkən ermənilərin dövlətçilik barədə fikirləri fərqli idi, bu gün isə xeyli dəyişib: “Bizim hamımızın, Ermənistan vətəndaşlarının müstəqillik və dövlətçilik haqqında təsəvvürləri və təsəvvürləri o dövrlərdən bəri xeyli dəyişib və cəsarətlə deyə bilərəm ki, daha dərin və əhatəli olub”.

Paşinyan Ermənistan Konstitusiyasındakı ziddiyyətlərə bundan əvvəl də diqqət çəkmişdi. Onun öncəki çıxışlarına görə, bu ziddiyyətlər referendumla aradan qaldırılmalıdır. Mümkün referendumun 2026-cı il parlament seçkilərindən sonra keçiriləcəyi ehtimal edilir, belə bir dəyişiklik həm də Azərbaycanın tələbidir. Çünki Ermənistan Konstitusiyasında istinad edilən “Müstəqillik Bəyannaməsi”ndə Azərbaycana qarşı açıq ərazi iddiaları yer alır.

Erməni mənbələrinə görə, Paşinyanın tez-tez Konstitusiyadakı ziddiyyətlərə diqqət çəkməsi cəmiyyəti mümkün dəyişikliklərə hazırlamaq məqsədi daşıyır. Referendumla “Müstəqillik Aktı”na istinadın konstitusiyadan çıxarılacağı, başqa sözlə, Azərbaycana ərazi iddiasından imtina ediləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər