Türkiyə üçün Cənubi Qafqaz-Qara dəniz regionu hazırda Suriya-İraq istiqamətini qabaqlayaraq bir nömrəli xarici siyasət prioritetinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Varujan Qeqamyan deyib.
“Suriya və Livanda bir neçə həftə davam müşahidələrim zamanı bu inamım daha da gücləndi: Cənubi Qafqaz-Qara dəniz regionu hazırda Suriya-İraq istiqamətini keçərək Türkiyə üçün bir nömrəli xarici siyasət prioritetinə çevrilib. Bu isə o deməkdir ki, Türkiyə indiki məqamda qarşısındakı problemləri həll etmək üçün əlindəki ən güclü resursları (diplomatiya, hərbi, iqtisadi və sair) bizə yönəldəcək.
Məsələ nədir? Cənubi Qafqazda Türkiyənin təsir dairəsini daha da genişləndirmək və Orta Asiyadan Balkana qədər uzanan türk bölgəsini mümkün qədər gücləndirərək regional supergücə çevrilmək. Zəngəzur dəhlizi layihəsi bu məqsədə doğru atılan əsas addımlardan biridir. Buna görə də yaxın aylarda Türkiyənin Ermənistana təzyiqləri daha da artacaq”, - Qeqamyan bildirib.