Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinə razı olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.
“Güman edirəm ki, Putinin Bakıya səfəri Azərbaycan-Ermənistan danışıqlarını Rusiya platformasına keçirmək istəyi ilə bağlıdır. İndi bütöv danışıqlar prosesi olmasa da, Rusiya ən azı ayrı-ayrı komponentləri öz vasitəçiliyi ilə həll etməyə çalışır. Söhbət ilk növbədə regional nəqliyyat dəhlizlərindən gedir. Məncə, Ermənistan hakimiyyəti Rusiyanın bu təşəbbüsünü rədd edəcək”, - ekspert bildirib.
Baqdasaryan qeyd edib ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatı əsasında Zəngəzur dəhlizinə özünün nəzarət etməsini istəyir: “Güman edirəm ki, Rusiyanın əsas istəyi budur, amma Ermənistan hakimiyyəti bu dəfə də imtina edəcək”.
Sülh müqaviləsinə gəlincə, politoloq vurğulayıb ki, Ermənistana bu sənədin Rusiyanın vasitəçiliyi ilə imzalanması lazım deyil: “Ermənistan Qərbin vasitəçiliyinə daha çox meyllidir. Görünür, İrəvan Rusiyanı regiondan sıxışdırmaq üçün hər şeyi edir”.
Eyni zamanda, Baqdasaryanın fikrincə, Ermənistan hakimiyyəti hazırda Azərbaycanla birbaşa danışıqlar aparmağa üstünlük verir: “Çox güman ki, onu buna Azərbaycan məcbur edib”.
Erməni şərhçinin iddiasına görə, Bakının İrəvandan tələbləri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bitmir. O vurğulayıb ki, Azərbaycan ərazilərinin işğal edilməsi və bununla bağlı digər məsələlərə görə Ermənistandan təzimant da tələb edəcək.
“Azərbaycan təzminat, qaçqınların (Qərbi Azərbaycandan olan soydaşlarımız – red.) qaytarılmasını, Ermənistan ordusunun çox kiçik, idarə oluna bilən olmasını və sair tələb edəcək. Həmçinin “Metsamor” AES-in bağlanması da bu tələblər siyahısındadır, bu da mümkündür”, - Baqdasaryan söyləyib.
Politoloqun iddiasına görə, hazırda proses Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsi və bunun sənəd üzərində təsbit edilməsi mərhələsindədir.