14 Sentyabr 17:18
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Hindistandan yeni raketlər almaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “ThePrint” məlumat yayıb.

Mənbə danışıqların davam etdiyini və hələ ilkin mərhələdə olduğunu bildirib.

Məlumata görə, Ermənistan hərbi hava qüvvələrini modernləşdirməyə çalışır və Hindistandan silah-sursat, ehtiyatların saxlanması, eləcə də pilotların hazırlanması baxımından kömək istəyir.

“Raketlərin ixracı prosesi o qədər də asan deyil, bununla bağlı çoxlu protokollar, eləcə də həllini gözləyən bir sıra problemlər var”, - portal yazır.

“Sputnik Ermənistan” bundan öncə İrəvanın Hindistanın “Pinaka” çoxlüləli raket sistemləri maraqlandığını iddia etmişdi. Sözügedən sistemin qiyməti təxminən 250 milyon dollardır.

Hindistan və Ermənistan müdafiə silahları ilə bağlı anlaşdıqlarını bildirsələr də, artıq İrəvana verilmiş bir sıra sistem, qurğu və sursatların hücum xarakterli olduğu bəllidir. Ermənilərin maraqlandıqları raketlər də bu qəbildəndir. Eləcə də İrəvana təhvil verilməsi razılaşdırılan “MARG 155” haubitsası, “Konkurs” və “Akash” raketləri.

Ermənistan bundan əvvəl Hindistandan “Svati” radar kompleksləri, ATAGS artilleriya qurğuları və digər silahları alıb. ATAGS-ların növbəti partiyasının da İrəvana təhvil veriləcəyi açıqlanıb.

Azərbaycan Hindistanın bölgədə gərginliyi artıran bu addımları barədə xəbərdarlıq edib. Azərbaycana qarşı istifadə olunacağı təqdirdə bu sistem və silahlar ordumuzun legitim hədəfləri olacaq. Bununla belə, hərbi mütəxəssislər Hindistan silahlarını baha, ancaq keyfiyyətsiz hesab edirlər. Təsadüfi deyil ki, Ermənistan silah bazarında Hindistanın ilk müştərisidir.

Hindistanın öz arsenalına daxil etmədiyi bir sıra silahları Ermənistana satması da bir başqa diqqətçəkən detaldır. Məsələn, “MARG 155”-lər. ATAGS-ların sınaqları zamanı baş vermiş qəza və qüsurlar da bura daxildir. İndi 44 günlük müharibədə ordusu və hərbi arsenalı darmadağın edilmiş Ermənistanın bu silahlarla özünü nə qədər gücləndirə biləcəyi də bir ayrı mövzu, İrəvan üçün ayrı bir dərddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər