7 Oktyabr 22:36
8 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi tələbini irəli sürməkdə davam edir və bu zaman Baş nazir Nikol Paşinyanın “kiçik qayğıları” nəzərə alınmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Erməni nəşri bildirir ki, Paşinyan hökuməti hələlik konstitusiya dəyişikliyi tələbinin önünə keçmək üçün Konstitusiya Məhkəməsində sərhəd komissiyalarının əsasnaməsini konstitusiyaya uyğun tanıyıb, həmçinin bu qərarla hakimlər Müstəqillik Bəyannaməsinin heç bir hüquqi qüvvəsinin olmadığını bəyan edib:

“Əslində, bu qərar Azərbaycanı razı salmayıb, Bakı xatırlatma elədi. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov yenidən konstitusiyanın dəyişdirilməsi tələbini irəli sürdü. Paşinyan hökuməti indiki halda bu dəyişikliyi edə bilmir, çünki referendum uğursuzluğa düçar olacaq və hakimiyyətin onsuz da kövrək mövqeləri daha da zəifləyəcək.

Bu gün Ermənistan Xarici İşlər Nazirliyi bir açıqlama verərək bəyan etdi ki, konstitusiyanın mətnində hər hansı ölkəyə qarşı ərazi iddiası kimi şərh edilə biləcək heç nə yoxdur.

Bakının Ermənistanın digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı açıqlamasına gəlincə, XİN-in sözçüsü Ani Badalyan Ermənistan konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə istinad elədi. Onun sözlərinə görə, sülh müqaviləsi imzalansa, bu, Ermənistan Konstitusiya Məhkəməsi və parlamenti tərəfindən ratifikasiya edildikdən sonra istənilən daxili qanundan daha yüksək hüquqi qüvvəyə malik olacaq.

Əslində İrəvan Bakıdan xahiş edir ki, Paşinyan özünü gücləndirənə qədər sülh müqaviləsini imzalasın və hələlik konstitusiyaya dəyişiklik tələbi ilə çıxış etməsin. Bundan sonra konstitusiya dəyişiklikləri onsuz da həyata keçiriləcək”.

Qeyd edək ki, Ermənistan konstitusiyasında istinad edilən müstəqillik bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bunun dayanıqlı sülh müqaviləsinə mane olan yeganə faktor olduğunu bəyan edərək, bu hissənin konstitusiyadan çıxarılmasını tələb edib. Ermənistanın bundan boyun qaçırması sazişin imzalanmasını çətinləşdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər