3 Mart 2015 10:34
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: “BMT-nin 4 qətnaməsi bizim istinad nöqtəmiz olacaq”

Dünən Azərbaycanın BMT-yə üzv olmasının 23 ili tamam oldu. Qeyd edək ki, BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində ən böyük universal təşkilatdır. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin təşkilata üzvlüyünü tövsiyə edib. BMT Baş Assambleyası isə 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycanın BMT üzvlüyünə daxil olması barədə qətnamə qəbul edib.

Həmin gündən Nyu-Yorkda yerləşən BMT binası qarşısında müstəqil Azərbaycanın bayrağı dalğalanmağa başlayıb. Bununla da Azərbaycan beynəlxalq birliyin həqiqi üzvünə çevrilib. 1992-ci il mayın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyi yaradılıb. Həsən Həsənov Azərbaycanın BMT yanında ilk daimi nümayəndəsi təyin edilib.

Dövlət İdarəçilik Akademiyasının professoru, politoloq Elman Nəsirli bildirib ki, Azərbaycan BMT ilə münasibətlər qurarkən bu təşkilatın dünyada sülh və təhlükəsizlik məsələlərini həll edə bilən Təhlükəsizlik Şurası kimi bir qurumunun olduğunun fərqində idi. Onun sözlərinə görə, Azərbaycan dövləti BMT ilə münasibətlər qurarkən ölkəmizin ərazinin təcavüzə məruz qaldığını göz önündə tuturdu: “Azərbaycan torpaqları təcavüzə məruz qaldığından BMT çərçivəsində beynəlxalq hüquq prinsiplərinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı məsələlərin önə çıxarılması, diqqət mərkəzində saxlanması böyük əhəmiyyət kəsb edirdi. Bu baxımdan Azərbaycanın üzv olduğu mart ayının 2-dən, xüsusilə daimi nümayəndəliyin fəaliyyətə başladığı may ayının 6-dan etibarən BMT çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri, bəlkə də birincisi məhz suverenliyimizin, ərazi bütövlüyümüzün bərpası məsələsi idi. Bu fəaliyyət öz bəhrəsini verdi. Artıq 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı 4 məlum qətnamə qəbul etdi. Həmin qətnamələrdə erməni işğalçı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması məsələsi qoyulurdu. Nəzərə almaq lazımdır ki, bunlar çox vacib sənədlərdir və onlar tövsiyə deyil, icbari xarakter daşıyır. Təəssüf ki, həmin dövrdən 22 il ötsə də, qətnamələr işlək vəziyyətə gətirilməyib. Halbuki, BMT Nizamnaməsinin 25-ci maddəsinə görə Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi icbari, məcburi xarakter daşıyır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin indiyədək yerinə yetirilməməsinə baxmayaraq Azərbaycan münaqişənin həlli ilə bağlı hər hansı addım atarkən, hətta bu addım hərbi məzmunlu olsa belə - bu sənədlər bizim üçün hava-su kimi lazım olan sənədlərə çevriləcək, bizim istinad nöqtələrimiz olacaq”.

E.Nəsirli qeyd edib ki, Azərbaycan BMT çərçivəsində ötən 23 il ərzində həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq xəttini həyata keçirib. O qeyd edib ki, Azərbaycan BMT üzvü olduqdan sonra dünyanın bir çox ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda əlaqələrini inkişaf etdirib: “Azərbaycan həqiqətlərinin, Ermənistanın işğal faktının, Xocalı soyqırımı haqqında məlumatların dünyaya çatdırmaq üçün çox unikal bir tribuna əldə etdik. Eyni zamanda Azərbaycanın demokratik inkişaf yolunda ciddi addımlar atdığı, ölkədə vətəndaş cəmiyyətinin qurulduğu, ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə islahatlar həyata keçirilməsi, respublikanın dinamik inkişaf modelinin formalaşması haqqında informasiyalar BMT tribunasından dünyaya yayılmağa başladı ki, bunlar da olduqca vacib, olduqca əhəmiyyətli məsələlərdir”.

Politoloq deyib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu kurs Prezident İlham Əliyev tərəfindən dəyişən dünyanın reallıqlarına uyğun olaraq davam etdirilib. Prezidentin müəyyən etdiyi xətt BMT ilə münasibətlərin daha da inkişaf etdirilməsi, daha da dərinləşdirilməsi mahiyyəti kəsb edib: “Məhz həmin siyasətin nəticəsində Azərbaycan 2011-ci ilin oktyabrın 24-də 155 dövlətin səsini qazanmaqla 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz 2 dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında 2 dəfə Təhlükəsizlik Şurasına sədrlik edib. Prezident İlham Əliyev may ayında Təhlükəsizlik Şurasına sədrlik edən ölkənin başçısı olaraq şuranın iclasını açaraq iclası çox mühüm məsələyə, beynəlxalq terrorizm probleminə həsr etdi və bu kontekstdə Ermənistanın dövlət terrorizmi siyasətini ifşa etdi. Ümumiyyətlə, BMT dünyada çox vacib bir qurumdur. Xüsusilə, onun Təhlükəsizlik Şurası dünyada sülhün, təhülkəsizliyin təmin olunmasına cavabdeh təsisatdır. Ona görə də Azərbaycan BMT ilə əlaqələrə xüsusi əhəmiyyət verir”.

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər