Xəzər dənizində BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə BP şirkəti tərəfindən heç bir məlumat daxil olmayıb.
Teleqraf.com xəbər verir ki, Nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında, məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq həmin əraziyə ekspedisiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb.
Qeyd edək ki, ETSN belə halların baş verə biləcəyini nəzərə alaraq hələ 2002-2003-ci illərdən BP-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib.
BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.
Qısa zamanda araşdırmaların nəticələri məlum olacaq və əgər sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanunamüvafiq tədbirlər görüləcək.
Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
İLHAMƏ