3 Aprel 2015 20:29
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi şəhərin bir çox yerlərində quraşdırılmış məntəqələrdə bilet satışına başlayaraq, bu yayın ən mötəbər tədbirinə gedən yolda daha bir mərhələni qeyd edib.

Teleqraf.com-un məlumatına görə, martın 20-dən etibarən tamaşaçılar biletlərini onlayn satış xidməti vasitəsilə almağa başlayıblar. İndi isə onlar bu məntəqələrdə bilet alışını təsdiqlətdikdən sonra, “Bakı-2015” biletlərini əllərində tutacaqları o möhtəşəm anı yaşaya biləcəklər. Artıq biletləri birbaşa olaraq, Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri də daxil olmaqla Bakının müxtəlif yerlərində 8 nöqtədə yerləşdirilmiş satış məntəqələrindən almaq mümkündür.

İlk bilet təsdiqlətməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səhər Bakı Ekspo Mərkəzində, Beynəlxalq “AITF-2015” 14-cü beynəlxalq “Turizm və Səyahətlər Sərgisi”nin rəsmi açılış mərasimində iştirakı zamanı həyata keçirib. “Bakı-2015” Birinci Avropa Oyunları bu sərgidə təbliğat stendi ilə iştirak edir, sərgi sabahdan etibarən (şənbə günü) ictimaiyyətə açıq olacaq.

Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru cənab Azad Rəhimov bilet satışına başlanılması ulə bağlı bunları deyib: “Şəhərin əsas ticarət mərkəzlərində bilet satışına başlanılması “Bakı-2015” Avropa Oyunları üçün vacib addımlardan biridir. Biz bilet satışı siyasətimizi elə müəyyənləşdirmişik ki, bu tarixi hadisəyə şahidlik etmək istəyən, Avropa Oyunlarından zövq almaq istəyən vətəndaşlarımız bu imkandan yararlana bilsinlər. Buna görə də Oyunlara bilet almaq hər bir Azərbaycan vətəndaşı üçün əlçatandır”.

Bu gün Park Bulvar AVM-də Birinci Avropa Oyunlarının Ulduz Elçiləri Cabir İmanov, Eldar Qasımov, Bəhram Bağırzadə və Nuran Hüseynovun iştirakı ilə keçirilən tədbir məntəqələrdə bilet satışının başladığını qeyd etmək üçün təşkil olunub 2 saat ərzində iştirakçılar viktorinalar və hədiyyələrlə dolu musiqili və əyləncəli tədbirdən zövq aldılar. Onlar, eyni zamanda, xüsusi hazırlanmış nəhəng “Bakı-2015” bileti və Birinci Avropa Oyunlarının rəmzləri olan Ceyran və Nar ilə şəkil çəkdirmək imkanı əldə ediblər.

Tədbirin aparıcısı Rüfət Ağayev tamaşaçılara müraciət edərək deyib: “Birinci Avropa Oyunları zamanı özünüzü sınamağı heç vaxt təsəvvürünüzə belə gətirmədiyiniz idman növlərini kəşf etmək üçün unikal şans əldə edəcəksiniz. Gəlin və dostlarınız və ailənizlə birlikdə maraqlı anlar yaşayın, ilk Avropa Oyunlarının təəssüratını bölüşün!”.

Birinci Avropa Oyunlarının biletlərini satış məntəqələrindən birbaşa yaxud onlayn üsulla (http://az.baku2015.com/tickets/index.htm) almaq olar. Onlayn alınmış biletlərin çekləri daha sonra şəhərin aşağıdakı bilet satış məntəqələrində dəyişdirilə bilər: Park Bulvar AVM, 28 Mall, Metro Park AVM, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsi, Azadlıq Meydanı və ASAN Xidmətin Yasamal filialı.

Növbəti məntəqələri aprelin 18-də Neftçilər, Əhmədli metro stansiyaları yaxınlığında və Fəvvarələr Meydanında yerləşən McDonald’s restoranlarında, mayın 15-də isə Tofiq Bəhramov stadionunda açılacaq.

Biletlərin qiyməti çox münasibdir. Belə ki, idman yarışlarına giriş biletlərinin qiyməti 2-5 AZN arasında dəyişəcək. Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan, bağılanış mərasiminə isə 10 manatdan başlayacaq. 16 yaşından aşağı uşaqlar əksər idman komplekslərinə pulsuz giriş hüququ əldə edəcəklər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər