“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Teleqraf.com xəbər verir ki, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı ilk Avropa Oyunlarının ölkə üzrə 8,4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. “Seven Network” kanalı 2007-ci ildən Avstraliyanın ən reytinqli televiziya kanalıdır.
Avropa teleyayımçılarından başqa, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın bütün bölgələrində Avropa Oyunlarının daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin ediləcək.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının Olimpiya Oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib. Qeyd edib ki, bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi “Bakı-2015”in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.
“Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn əlavə edib: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Avropa Oyunlarının uzun müddət teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.
“Bakı-2015” bu sazişlə yayım müqavilələrinin sayını 57-yə çatdırıb.