Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıması barədə qətnaməsini pisləyən bəyanat qəbul edib.
Publika.az-a daxil olan bəyanatda deyilir ki, 15 aprel 2015-ci il tarixində Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə bir daha qərbin ümumbəşəri dəyərlərə ikili yanaşma nümayiş etdirərək Azərbaycan xalqına qarşı soyqırım törətmiş təcavüzkar ermənilərin tərəfində olduğunu göstərmişdir.
Avropa Parlamentində hökm sürən, tolerantlıqdan uzaq, “xaçpərəstlik təəsübkeşliyi”, Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.
Avropa Parlamentinə, Papa I Fransiskə ermənilərin hələ 1918-ci ildə Azərbaycanın şimal bölgəsində, xüsusi ilə Quba rayonunda törətdikləri soyqırımı hadisələrini xatırladaraq onları ermənilərin xəstə təxəyyülünün uydurduqları miflərə deyil, həqiqətlərə inanmağa çağırırıq. Çünki Avropa Parlamenti və katolik kilsəsinin hazırkı və əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib.
Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verərək təcəvüzkar tərəf olan erməniləri müdafiə etmiş olur. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur. Biz Avropa Parlamenti, Roma Katolik kilsəsinin başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq.
Ermənilər tərəfindən 1918-ci ildə törədilmiş soyqırım zamanı minlərlə insan amansızca qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn edilmişlər. Məzarlıqdan çəkilmiş şəkilləri sizə təqdim edir və gəlib bu həqiqətləri öz gözlərinizlə görməyinizi tövsiyə edirik.