5 May 2015 13:08
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhmipur ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə M.Qurbanlı ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə ilk dəfə İrana rəsmi səfər edərək iki qonşu ölkə arasında əlaqələrin genişləndirilməsinin əsasını qoyduğunu vurğulayıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ötən il İrana rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da dərinləşdirilməsi üçün geniş imkanlar açıb: “Məhz Azərbaycan və İran prezidentlərinin siyasi iradələrinin nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr də gündən-günə möhkəmlənir. Hər iki ölkənin siyasi rəhbərliyi eyni tarixə və milli dəyərlərə malik olan xalqlarımızın maraqlarına uyğun siyasət yürüdürlər. Bu siyasətin əsasını isə mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri təşkil edir”.

Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M.Qurbanlı regiondakı geopolitik vəziyyət nəzərə alınaraq Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda din-dövlət münasibətlərindən danışan komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib: “Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər. Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir”.

İranın din sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ.Rəhmipur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Azərbaycan-İran münasibətlərindən danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında həlli mümkün olmayan problem yoxdur: “ İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur. Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Xalqlarımızın yaxınlığı və dövlət rəhbərlərinin müdrikliyi buna imkan verməyəcək”.

Nazir müavini qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.
Görüşdə İranda təhsil alan azərbaycanlı tələbələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da görüşdə iştirak edib.

Həmçnin DQİDK sədri M.Qurbanlı İranın Milli Kitabxanası ilə tanış olub, kitabxananın sədri Əmir Salehi və Əhli-Beht Təşkilatının sədri Ayətullah Əxtəri ilə görüşüb.

Görüşlərdə radikal dini cərəyanların ölkələrimizin ərazisində yayılmasının qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər