6 May 2015 15:09
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

Trend-in məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə “Azərbaycan Olimpin Zirvəsində” adlı ümumrayon tədbiri keçirib.

Əvvəlcə tədbir iştirakçıları I Avropa Oyunlarına həsr olunmuş rəsm və foto sərgisi ilə tanış olublar.

Dövlət himni səsləndirildikdən sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov tədbirlə əlaqədar qısa arayış verib.

Bildirib ki, Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər müharibəsində qələbənin 70-illik yubileyi münasibətilə aprel ayının 9-dan etibarən idman və digər istiqamətli yarışlara start verilib. Vurğulanıb ki, yarışların böyük əksəriyyətinin I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olduğundan keçirilmiş tədbirlərin hər birində Oyunlara dəstək ifadə olunub.

Qeyd edilib ki, rayonda paint-ball, güllə atıcılığı, voleybol, həndbol, cüdo, karate, üzgüçülük, basketbol, stolüstü tennis, ağır atletika, taekvondo, gimnastika, ümumilikdə 13 idman növü üzrə yarışlar keçirilib. Bu yarışlarda 1200 nəfərə yaxın idmançı iştirak edib.

Həmçinin, rayon məktəbliləri arasında breyn-ring, şahmat yarışları, rəsm, inşa və bədii qiraət müsabiqələri keçirilib. Burada isə 300 nəfərə yaxın şagird iştirak edib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirin əsas mahiyyəti elə onun adında əks olunub: “Azərbaycan Olimpin Zirvəsində” dedikdə, 2 başlıca fəlsəfə ortaya çıxır: Birincisi, Azərbaycan bu gün həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyilə Ulu öndərimiz Heydər Əliyevin ideyalarının reallaşdırılması nəticəsində yüksək inkişaf dövrü keçir. Bu mənada, bu günün Azərbaycanı hər zaman kamilliyin və inkişafın ən uca zirvəsi hesab edilən Olimpin zirvəsindədir. Məhz, bütün dünya ölkələri də, tanınmış ekspertlər də etiraf edirlər ki, Azərbaycan dünyada sosial-iqtisadi və siyasi-demokratik inkişafı ilə nümunə olacaq bir dövlətə çevrilib.

İkincisi, bildiyiniz kimi, artıq 36 gündən sonra Azərbaycanda birinci Avropa Oyunları start götürəcək. Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək. 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu həm xalqımız, həm də dövlətimiz üçün qürurverici tarixdir, hadisədir.

Bir sözlə, bu tədbirimizlə bir daha həm Azərbaycanımızın dinamik inkişafını, həm də ölkəmizin idman ölkəsi kimi nüfuzunu nümayiş etdirməyə cəhd göstəririk. Eyni zamanda, bu tədbirimizlə bir daha Nizami rayon ictimaiyyətinin, 10 mindən çox üzvü olan rayon təşkilatımızın I Avropa Oyunlarının yüksək səviyyədə baş tutmasına öz dəstəyimizi ifadə edirik”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Avropa qitəsi tarixində ilk dəfə reallaşacaq beynəlxalq idman bayramı - I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Aprelin 26-da isə idman yarışının rəmzi sayılan məşəlin alovlandırılması mərasimi baş tutub. Hər bir şəhər və rayonda səyahətdə olan məşəl respublikamızda bayram əhval-ruhiyyəsi yaradır. Demək olar ki, bu gün Avropa ölkələrinin diqqəti Azərbaycana yönəlib. Bunu xarici mətbuatın ölkəmizdən hazırladığı reportajlar da tam sübuta yetirir.

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov söyləyib.

Tahir Budaqov bildirib ki, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, ölkəmizdə hökm sürən mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, respublikamız bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək: “Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı”.

Sonra tədbirdə dəfələrlə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən, bayrağımızı yüksəldən və himnimizi səsləndirən fəxrimiz olan və qarşıdan gələn I Avropa Oyunlarında iştirak edəcək idmançılarımız - qaçış üzrə 2 qat Avropa çempionu İbrahim Əhmədov, Avropa və dünya mükafatçısı Lidiya Salehova, eyni zamanda, karate üzrə Avropa və dünya mükafatçıları Nuranə Əliyeva və Firdovsi Fərzəliyev mükafatlandırılıb, onlara yarışlarda uğurlar arzulanıb.

Çıxışlardan sonra keçirilmiş idman yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi başlayıb.

Sonda rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin konsert proqramı nümayiş etdirilib.


Müəllif:

Oxşar xəbərlər