Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk regional ofisində tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçılarına “Azerbaydjanskiy konqres” həftəlik diaspor qəzetinin Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən xüsusi nömrəsi paylanıb.
Mərasimi Murmansk vilayəti İctimai Palatasının üzvü və ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Rusiyanın tarixindəki xidmətlərindən danışıb.
ÜAK-ın Murmansk regional bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov bildirib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri çıxış ediblər.
Tədbirdə, həmçinin “Heydər Əliyev haqqında teleqraf mətni ilə”, “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev”, habelə “Heydər Əliyev və Şərq”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev mənim həyatımda”, “Millətin xilaskarı” kitabları təqdim edilib. Bundan başqa, iştirakçılara “Baku”, “İRS-Naslediye” jurnallarının Ulu Öndərin xatirəsinə həsr olunan nömrələri paylanıb.