Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin yaxın dostluq münasibətlərinə əsaslandığını və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğuladı. Səudiyyə Ərəbistanı Krallığına səfərindən və orada keçirdiyi səmərəli görüşlərdən razılığını ifadə edən Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiə Bakıda gedən sürətli inkişaf proseslərinin, şəhərin abadlaşdırılmasının, ən müasir infrastrukturun yaradılması və digər sahələrdə görülən işlərin onlarda dərin təəssürat yaratdığını dedi. Nazir ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğuladı. Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müxtəlif sahələri təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən nazir ölkələrimiz arasında güclü münasibətlərin və qarşılıqlı hörmətin olmasına baxmayaraq, ticarət əlaqələrinin qənaətbəxş olmadığını dedi. Ölkəsinin Azərbaycanda genişmiqyaslı işlər görmək niyyətində olduğunu deyən qonaq azərbaycanlı həmkarlarının, o cümlədən iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından önəmini vurğuladı.