Bu gün İmişli rayonunda Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başlayıb.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edib. O, geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir: “Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Bu cür hallara qarşı birgə mübarizə üçün bu sahədə maarifləndirmənin aparılması zəruridir. Prezidenti İlham Əliyev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda təhsil və maarifçilik işinə diqqət yetirməyin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır”.
Konfransın açılışından sonra DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə "Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda ilk panel keçirilib. Paneldə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Dini radikalizm və onunla mübarizə üsulları”, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun “ Milli – mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzusunda məruzələri dinlənilib. Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Konfransda vurğulanıb ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digərləri üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.
Konfrans başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı İmişlidəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə hədiyyə təqdim edib.
BƏXTİYAR