"Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar".
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında deyib. Məlumatı AzTV yayıb.
Prezidentin sözlərinə görə, indi Azərbaycan ictimaiyyəti gə görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur: "Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz".
Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: "Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməldən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə də dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, cəzasını çək".