Slovakiya Dövlət Akademik Filarmoniyasında Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunan konsert keçirilib.
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu tərəfindən təşkil olunan konsertdə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri çıxış edib. Solistlər - xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının solisti Çinarə Şirin, Slovakiya Dövlət Filarmoniyasının solisti Danel Evald (skripka) və Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov (skripka) geniş musiqi proqramı təqdim ediblər.
Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, M.Maqomayev və Q.Hüseynlinin əsərləri ilə bərabər, Qərb bəstəkarları Y.Brams, J.Bize, V.Monti və slovak bəstəkarı Y.Zelenkanın instrumental nümunələri də maraqla qarşılanıb.
Konsertin dinləyiciləri arasında Slovakiyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, eləcə də Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, ABŞ, İspaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya, Belarus və digər dövlətlərin səfirləri, Slovakiyanın tanınmış elm və mədəniyyət xadimləri olub.