“Birinci Avropa Oyunların ilə əlaqədar Bakıya yüzlərlə, minlərlə xarici vətəndaş, turistlər gəlir. Bizim əsas məqsədimiz ilk növbədə bu tədbiri yüksək səviyyədə keçirmək, Avropa Oyunlarının standartlarını təqdim etməkdir. Əlbəttə ki, belə bir imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazilərinin işğal edilməsi haqqında məlumatları gələn qonaqlara çatdırmaq olmalıdır”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, bunu elə bir formada etməliyik bu, ünvana doğru şəkildə çatdırıla bilsin: “Elə olmasın ki, xarici qonaqlar düşünsünlər ki, bu tədbiri keçirməkdə əsas məqsədimiz təbliğatla məşğul olmaqdır. Biz bunu çox incə, beynəlxalq aləmdə qəbul ediləcək formada etməliyik.
Bununla bağlı bukletlər, müxtəlif materiallar, stendlər hazırlanıb. Orada Azərbaycan haqqında, eyni zamanda Azərbaycanın işğal olunmuş əraziləri haqqında müfəssəl məlumatlar veriləcək. Biz əlbəttə ki, şiddətin, həyəcanlandıcı fotoların yayılmasının tərəfdarı deyilik. çünki avropalılar özləri bunu yaxşı qəbul etmirlər. Amma Ermənistanın işğalçılıq siyasətini, onun mahiyyətini olduğu kimi təqdim etsək, bu gün Ermənistanın həyata keçirdiyi təcavüzkarlığı ifşa edə bilsək, avropalılar bunu doğru-dürüst qəbul edəcəklər.
Bu, bizim üçün bir fürsətdir və göstərək ki, Azərbaycan xalqı nə qədər mədəni, tolerant, qonaqpərvər xalqdır. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələti sərbəst yaşaya bilir. Amma ermənilər Ermənistanın işğalçılıq siyasəti nəticəsində belə bir situasiya yaradıblar. Azərbaycanın bir hissəsini işğal ediblər, Azərbaycanda 1 milyondan çox məcburi köçkün və qaçqın var, onlar dözülməz şəraitdə yaşayır. Dünya ictimaiyyəti buna dözməməlidir. Əgər bu gün dünyada haqqdan, ədalətdən danışılırsa, bu barədə danışan jurnalistlər gəlib bu fakta xüsusi diqqət yetirməlidirlər. Bilməlidirlər ki, bütün bu işğala, təcavüzə, çətinliklərə baxmayaraq, Azərbaycan ayaq üstə durmağı bacarır. Azərbaycan Avropanın ayrılmaz hissəsidir və Avropa dəyərlərinə hörmət edir. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi də ondan xəbər verir ki, Azərbaycan həqiqətən güclü, qüdrətli dövlətdir”.
A.Quliyev deyib ki, Azərbaycanlı jurnalistlər mümkün qədər əcnəbi həmkarları ilə təmasda olmağa, əməkdaşlıq etməyə, onları Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışmalıdır: “Çünki onlar hazırladıqları bir çox reportajlarda, yazılarda informasiyasızlıqdan yanlış məlumatlar verirlər. bunun bir səbəbi qərəzdirsə, digər səbəbi məlumatın kifayət qədər olmamasıdır. Azərbaycan jurnalistləri, qht-ləri, müvafiq qurumlarının bu işdə lazımi fəallıq nümayiş etdirməməsidir. Ona görə də Avropa Oyunları bizim üçün bir imkandır və bundan maksimum faydalanmalıyıq”.
BƏXTİYAR