23 İyun 2015 17:27
493

Almaniya Azərbaycana qarşı ideoloji müharibə aparır. Bunu Trend-ə Almaniyanın bəzi siyasi dairələrinin nümayəndələrinin antiazərbaycan çıxışını şərh edərkən Milli Məclisin deputatı, politoloq Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilk dəfə belə kampaniya ilə "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi zamanı qarşılaşıb: "Hazırda Azərbaycanda Avropa Oyunları uğurla keçirilir, bütün dünyada milyonlarla insan Azərbaycanın uğurunu görür, ölkənin dəyərləri və mədəniyyəti ilə tanış olur, böyük Avropa gənclərin idman bayramını görür. Şübhəsiz ki, bu, müasir, uğurlu Azərbaycanın müstəqilliyini görmək istəməyən qüvvələri qıcıqlandırır".

A.Mollazadə qeyd edib ki, Almaniyada müəyyən dairələr, erməni diasporu təşkilatları, sənaye qrupları ilə bağlı kifayət qədər böyük siyasətçilər qrupu və media nümayəndələri Azərbaycanın əleyhinə çıxış edirlər: "Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynamasından narahatdırlar".

Politoloq əlavə edib ki, Azərbaycan hazırda multikulturalizm və müxtəlif din, etnik qrupların əməkdaşlıq mərkəzinə çevrilir və əlbəttə ki, ölkənin hər bir uğuru həmin dairələri hərəkətə gətirir.

A.Mollazadənin sözlərinə görə, bu qruplar üçün demokratiya, insan haqları məsələləri əsas təzyiq metodudur: "Bu yaxınlarda Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For bəyan etmişdi ki, "Azərbaycana qarşı təzyiq metodlarımız yoxdur". Məgər siz Azərbaycana təzyiq etməlisiniz?! Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, əksinə olub".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycana təzyiq etmək istəyi insan haqları və demokratiya məsələlərində ifadə edilir: "Dünən Ermənistanda mitinqin dağıdılması zamanı jurnalistlər döyülüb və həbs edilib. Azərbaycana qarşı ideoloji müharibənin iştirakçılarından heç biri buna öz etirazını bildirməyib".

Politoloq vurğulayıb ki, Azərbaycana qarşı bütün bu təzyiq faktları hazırda Bakıda keçirilən ilk Avropa Oyunlarının uğurunun təsdiqidir: "Oyunlar Azərbaycana dünyada populyarlıq qazandıracaq".


Müəllif: