23 İyun 2015 21:39
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə ölkəmiz üçün əhəmiyyət kəsb edən növbəti hadisə baş verib. Avropa Şurasında hər hansı mühüm problemlə bağlı məruzəçinin təyin edilməsi bu mötəbər qurumun həm hesabatı hazırlayacaq deputata, həm də üzv ölkəyə xüsusi müsbət münasibətinin ifadəsidir.

Çünki adətən il yarım-iki il müddətinə hazırlanan hər məruzə və onun qətnaməsi müəlliflə yanaşı, bütövlükdə Avropa Şurasının mövqeyini nümayiş etdirir. Ona görə də aktual mövzular üzrə məruzəçilərin təyini adətən ciddi təhlillər əsasında aparılır. Avropa Şurasının 47 üzvü arasında elə ölkələr var ki, indiyədək onlardan bir nəfəri belə məruzəçi təyin edilməyib. Avropa Şurasının indiyədək Azərbaycan nümayəndə heyətinə bir çox məruzələrin hazırlanmasını etibar etməsi bu təşkilatın ölkəmizə inam və rəğbətini açıq-aydın göstərir. Nümayəndə heyətimizin üzvü Rafael Hüseynova müxtəlif vaxtlarda 14 vacib məruzənin yazılması tapşırılıb.

İyunun 23-də AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında təşkilatın qaydalarına uyğun olaraq deputat Rafael Hüseynovun “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” mövzusunda hazırladığı məruzənin yekun mətni qəbul edilib və qətnamə layihəsi bənd-bənd müzakirə olunaraq səsə qoyulub. Həmin məruzə ilə bağlı Avropa Şurasının son iki ilə yaxın müddətdə görkəmli elm adamlarının, din xadimlərinin və digər mütəxəssislərin iştirakı ilə beş geniş dinləmə keçirməsi təşkilatın mövzuya necə həssaslıqla yanaşmasının sübutudur.

Müzakirələr və səsvermədən öncə çıxış edən məruzəçi Rafael Hüseynov deyib: “Məruzənin sərlövhəsindəki iki ifadə - “etiqad azadlığı” və “birgəyaşayış” anlayışları araşdırmamızın əsas fəlsəfəsini müəyyən edir. XXI əsr yaşa dolduqca ölkələrin sərhədləri daha çox şəffaflaşır, get-gəllər, ünsiyyətlər artır. İndi elə bir Avropa ölkəsi tapmaq çətindir ki, orada müxtəlif dinləri və millətləri təmsil edən insanlar yaşamasın. Bu gerçəklik bizim taleyimizdir və cəmiyyətlərimizin çoxdinliliyi, çoxmədəniyyətliliyi, çoxmillətliliyi əslində çox mühüm sərvətdir. Bu dəyərlər birgə yaşamağın demokratik şərtləri çərçivəsində mövcud olanda qarşılıqlı zənginləşməyə, tərəqqiyə, həmrəyliyə xidmət edir. Bu dəyərlərə ortaq sərvətlərimiz kimi deyil, fərdi üstünlüyümüz, mütləq qabardılmalı seçkinliyimiz kimi yanaşanda, digər dinlərə və millətlərə özümüzə yanaşdığımız ehtiramla münasibət bəsləməyəndə əksinə, cəmiyyətdə çatlar yaranır, qarşıdurmalar törəyir, ziddiyyətlər ortaya çıxır. “Birgəyaşayış” ifadəsi başqa sözlə ortaq evimiz Avropa, müştərək yuvamız olan dünya deməkdir. Evimizin və yuvamızın daha rahat, daha yaşamalı olmasından ötrü birgəyaşayışı, məhz qarşılıqlı hörmət və yardıma arxalanan müştərək mövcudluğu həyat normasına çevirməliyik. Etiqad azadlığı, əsrlərlə yaşı olan dini təcrübələr və milli adət-ənənələr həmin yolda keçilməsi mütləq olan körpülərdəndir. Təqdim olunan məruzə bu istiqamətdə nizamın getdikcə daha geniş müstəvidə bərqərar olmasına öz töhfəsini vermək vəzifəsini daşıyır. Hər kəsə aydındır ki, mövzu çox həssasdır və hamını, bütün tərəfləri təmin edə biləcək ifadə formalarını tapmaq müşküldür. Hər halda biz maksimum dərəcədə çalışmışıq ki, qətnamənin formulə edilmiş bəndləri fikirlərimizin, mövqeyimizin ifadəsi nöqteyi-nəzərindən həm elmi, həm yetərincə balanslaşdırılmış olsun və həm də siyasi baxımdan mübahisəyə yer qoymasın. Ona görə də indiki halda mövcud mətndə hansısa sözlərin, ifadələrin dəyişdirilməsi uzun düşüncə və təhlillərdən sonra tapılmış optimal mətn variantlarına xələl gətirə bilər. Bu məqamı nəzərə almanığınızı xahiş edirəm. Bir sıra digər bəndlərdə biz konkret konvensiyalara, artıq qəbul edilmiş qətnamələrə əsaslanırıq. O sənədlər isə müvafiq araşdırmaların nəticəsi kimi ortaya çıxıb. Düşünürəm ki, fikrimizi, müddəalarımızı əsaslandırmaq üçün arxalandığımız belə mötəbər sənədlərə inamsız yanaşmaq doğru olmazdı. Məruzənin 9-cu bəndində müsəlman və yəhudilərin dini və məişət təcrübəsində dayanıqlı yer tutan sünnət məsələsindən söz açılır. Bu vaxtadək keçirilmiş 5 dinləmənin hər birində bu və ya digər dərəcədə həmin məsələdən söz açmışıq. Bu da səbəbsiz deyil. Böyük problemin kontekstində zahirən kiçik görünsə də, əslində yetərincə ciddi və həssas problemdir. Yüz illərlə yaşı olan bu adəti sırf din, etiqad hadisəsi kimi dəyərləndirmək də düz olmazdı. Əslində bu mövzunun əhatə dairəsi daha genişdir. Sünnətin elmi, tibbi tərəfləri də var ki, onun faydaları barədə dünyanın tibb mütəxəssisləri tərəfindən yüzlərlə məqalə, kitab, dissertasiya yazılıb. Lakin bəzi siyasətçilərin guya dilsiz-ağızsız uşağa fiziki əzab vermək kimi dəyərləndirərək sünnəti qadağan etmək, bundan ötrü Avropa qanunvericiliyində cinayət məcəlləsinə ayrıca maddə daxil etmək təklifləri çox təhlükəli təmayüldür. Bunun arxasında siyasi mötivlər dayanır və bu cəhdlərdə xristian aləmi ilə müsəlman-yəhudi cəmiyyətlərini qarşı-qarşıya qoymaq riyakarlığı duyulmaqdadır. Belə cəhdlər Avropa Şurasında da müşahidə edilib. Məruzədə və onun qətnaməsində biz bu narahatedici təşəbbüslərin kənarlaşdırılması üçün gərək olan hüquqi təməli də ayrıca təsbit etdik”.

Müzakirələrə qatılan deputatlar hazırlanmış hesabatı yüksək qiymətləndiriblər və onu Avropa Şurasının ali missiyasına xidmət edən ciddi sənəd adlandırıblar. Qeyd edilib ki, Rafael Hüseynov iki il əvvəl hazırladığı “Avropada İslam, islamizm və islamofobiya” adlı məruzənin qətnaməsində əksini tapmış bir sıra mühüm qənaətlərini bu məruzədə daha da genişləndirərək yeni aspektləri ilə şərh edib.

Məruzənin qətnamə layihəsi komitə üzvləri tərəfindən yekdilliklə təsdiq edilib.

AŞPA rəhbərliyinin qərarı ilə Rafael Hüseynovun hazırladığı “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” mövzusunda məruzə oktyabr ayında keçiriləcək payız sessiyasının gündəliyinə daxil edilib.


Müəllif:

Oxşar xəbərlər