Almaniyanın hakim Xristian Demokratlar Partiyasının üzvü, Bundestaqın iqtisadiyyat və energetika üzrə komitəsinin daimi üzvü Mark Hauptman bu yaxınlarda Bundestaqda Azərbaycanla bağlı qəbul olunan qətnaməni tənqid edib.
Publika.az xəbər verir ki, almaniyalı deputat Azərbaycanın Berlindəki səfiri Pərviz Şahbazova ünvanlandığı məktubda Almaniya-Azərbaycan münasibətləri haqda fikirlərini bölüşüb: “Mən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı Bundestaqda qəbul olunan qətnaməni qəbul etmirəm. Bu, bizim ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafına xeyir gətirmir. Həmçinin Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriyelin Azərbaycana səfərinin təxirə salınmasından son dərəcə məyusam”.
H. Hauptman iqtisadiyyat nazirini öz qərarını təkrar gözdən keçirməyə çağırıb.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatda, siyasətdə, mədəniyyət və təhlükəsizlik sahəsində Almaniya üçün vacib və maraqlı partnyordur: “Ölkənin dinamik inkişafı yalnız vətəndaşlar üçün deyil, orada fəaliyyət göstərən alman firmaları üçün də yaxşı şərait yaradıb. TAP və TANAP layihələrinin ardıcıl inkişafı Azərbaycanın Qərbə inteqrasiyasına şahidlik edir. Bu layihələr Avropaya enerji resurslarının çatdırılması mənbələrini difersifikasiya etməyə imkan verəcək. Bu layihələr təkcə iqtisadi baxımından əhəmiyyətli deyil, eyni zamanda avropalıların təhlükəsizliyi üçün də vacibdir”.
M. Hauptman Azərbaycanın innovasiya layihələrini reallaşdırdığını, ASAN xidmət brendini yaratdığını diqqətə çatdırıb. O, Bakıda bütün bunlarla tanış olduğunu vurğulayıb.
“Nazirliklər və dövlət agentlərinin vətəndaşlara xidmətlərini mərkəzləşdirən ASAN xidmət təcrübəsi Almaniya üçün də böyük maraq doğura bilər”, - deyə o bildirib.
Bundestaq üzvü Azərbaycanda müxtəlif etnik və dini qrupların sülh və ahəngdar şəkildə bir yerdə yaşadığını deyib: “Bu, nümunə hesab oluna bilər. Azərbaycanda baş çəkdiyim məscidlərdə müasir, açıq və sülhsevər İslamla tanış oldum. Azərbaycanda sinaqoqların birinin ravvini ilə də söhbət etdim. Dini azlıqlar ölkənin həyatında aktiv rol oynayır. Hesab etmək olar ki, güclü və vahid cəmiyyətə malik olan Azərbaycan regional liderdir”.
İkitərəfli münasibətlərdə bəzi ziddiyyətlərin yaşanmasına baxmayaraq, M. Hauptman azərbaycanlı həmkarlarını Almaniyaya səfərə dəvət edib.