10 İyul 2015 18:44
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cari ilin birinci yarısında ölkəmizin ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti möhtərəm dövlət başçımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib. Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb. Bütün bunlar polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürüdür.

Ötən ay ölkəmizdə ilk Avropa Oyunlarının keçirildiyini xatırladan nazir cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində respublikamızın, onun bütün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini məmnunluqla deyib. Digər hüquq-mühafizə qurumları, güc strukturları ilə birlikdə daxili işlər orqanlarının Oyunlar zamanı asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə mühüm vəzifələri də layiqincə yerinə yetirdiyini vurğulayan daxili işlər naziri fərqlənən yüzlərlə əməkdaş və hərbi qulluqçu barəsində müxtəlif həvəsləndirmə tədbirinin tətbiq olunduğunu diqqətə çatdırıb, nümunəvi xidmətə, yüksək peşəkarlığa, vətənpərvərliyə və fədakarlığa görə bütün şəxsi heyətə minnətdarlığını bildirib.

Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərin davam etdiyi, kriminogen durumun nəzarətdə saxlanıldığı da qeyd olunub.

Geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan, dünyanın 144 ölkəsi arasında "Polis orqanlarının etibarlılığı" indikatoru üzrə 15-ci, "Mütəşəkkil cinayətkarlıq" indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunların da qanunvericiliklə müəyyən edilmiş vəzifələri layiqincə yerinə yetirdiyi nəzərə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığı və planlı surətdə davam etdirildiyi, 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 1853 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığı, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığı, hüquqlarının izah edildiyi vurğulanıb.

V.Eyvazov dövlət başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir R.Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi shəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər