“Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçib və söz yaradıcılığının misilsiz ənənələrini yaradıb. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz 140 il öncə Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi”.
Bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyev deyib.
C.Feyziyev bildirib ki, ən müasir dövrümüzdə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Onun sözlərinə görə, bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır.
Səxavət