Son günlər yağan yağışlardan sonra sürüşmə sahələrində aktivləşmə olacağı istisna edilmir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Onun sözlərinə görə, yağan yağışlarda torpaq qatı doyandan sonra yamac boyu hərəkət etməyə başlayır. Bu baxımdan yağışdan sonra sürüşmə sahələrində aktivliyin artması gözləniləndir.
Ə.Piriyev onu da əlavə edib ki, son iki gündə yağan yağışların sürüşmə sahələri, son durumu barədə məlumat almaq üçün monitorinqlər aparmağa ehtiyac var:
“Qubada və Qusarın Urfa kəndində sürüşməyə meyilli sahələr var. Son günlər yağan yağışlardan sonra həmin sahələrdə vəziyyəti öyrənmək üçün əməkdaşlarımız bu gündən monitorinqlərə başlayır. Bir neçə gün əvvəl də bir sıra ərazilərdə sürüşmə sahələrinin aktivləşməsi ilə bağlı müraciətlər olub. Həmin ərazilərə baxış keçirilib, lakin sürüşmə sahələrində təhlükəli aktivləşmə müşahidə olunmur”.
Qeyd edək ki, sentyabrın 16-da yağan yağış nəticəsində Quba, Qusar və Göyçay rayonlarında bir sıra evlərə su dolub, evlər yararsız hala düşüb.