17 Oktyabr 2015 11:17
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçeklə bağlı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən verilən qərar dünyada fikir və söz azadlığının qorunması kimi qəbul edilib.

AİHM-in verdiyi qərardan xoşbəxt olduğunu deyən Doğu Perinçek bildirib ki, avropalı imperialistlərinin müharibə təbliğatı olaraq istifadə etdiyi "erməni soyqırımı" yalanı yenə də bir Avropa məhkəməsi tərəfindən ləğv edildi. O, 10 il ərzində apardıqları mübarizənin ardınca sevindirici bir qələbə qazandıqlarını qeyd edib: "Avropa Birliyinin Türkiyəyə "erməni soyqırımı"nı tanıyacaqsınız, güneydə bir kürd dövləti qurulacaq, Kıbrısdan çəkiləcəksiniz və dördüncü isə Kamal Derviş iqtisadi modelini davam etdirəcəksiniz kimi təzyiqlərindən biri artıq bitdi. Hər birimizin qətiyyəti ilə "erməni soyqırımı" yalanını sona çatdırdıq. Digər problemləri də eyni qətiyyətlə aradan qaldıracağıq. 1915-ci ildə imperialistlər Türkiyəni parçalamaq üçün erməni qətliamı siyasətini ortaya atdılar və bu yalan indiki dövrə qədər gəlib çatdı. Biz uzun illərdir deyirdik ki, "erməni soyqırımı" imperialist yalanıdır. Beynəlxalq bir yalandır. Tarixi bir yalandır. Biz Vətənimizi müdafiə etdik. Avropa İnsan Haqları Məhkəməsinin verdiyi tarixi qərarı Amerikanın silahları ilə silahlanmış olan PKK, eləcə də, digər ünsürlərlə mücadilə edən Məhmətciyə hədiyyə edirik".

"Soyqırımı" qərarlarını bir an əvvəl ləğv etməlidirlər"

Tələt Paşa Komitəsinin koordinatoru, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "soyqırımı" qərarı qəbul etmiş ölkələrin üzünə şillə vurdu. Onun sözlərinə görə, qərar hər şeydən əvvəl Türkiyə və Azərbaycanın birgə qələbəsidir: "Bizim aramızda fərq yoxdur, türk millətinin övladlarıyıq. Ona görə də Azərbaycana və Türkiyəyə birlikdə göz aydınlığı verirəm. Bu hüquqi qərarla Türkiyəyə qarşı haqsız şəkildə yönəldilən "erməni soyqırımı" böhtanları tarixə qarışıb. Yunanıstan, İsveçrə və digər ölkələr özlərinə hörmət edirlərsə, "soyqırımı" qərarlarını bir an əvvəl ləğv etməlidirlər. Strasburq məhkəməsi Avropa Şurasının ən yüksək hüquq orqanıdır. O məhkəmə "soyqırımı" qərarı qəbul edən ölkələrin üzünə şillə vurdu. Bu işin altına hamıdan əvvəl əlini və bədənini mərhum Rauf Denktaş və Doğu Perinçək qoydusa da, türk milləti də bu qələbə üçün səfərbər oldu. Qurucu başqanımız Rauf Denktaşı hörmətlə xatırlayıram. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəni də birlikdə aparmağa davam edəcəyik".

"Artıq onların yalanları keçmir"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin tarixi qərarı digər ölkələr üçün presedent olacaq. Onun sözlərinə görə, Azərbaycan özü də bu qərardan istifadə edə bilər: "Çox yaxşı haldır ki, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən belə obyektiv qərar qəbul olundu. Bu mənada Azərbaycan tərəfi həm dövlət, həm də məcburi köçkünlər səviyyəsində bu qərardan istifadə etməlidir. Yəni, biz tərəfdən də müraciətlər olmalıdır. Hesab edirəm ki, bu qərar bizim üçün geniş bir imkan yaradır".

A.Nağı deyib ki, bu qərardan göründüyü kimi, məsələyə ciddi yanaşdıqda, inadla üzərinə getdikdə, ortaya tutarlı, əsaslandırılmış faktlar qoyduqda nəticə olur: "Bəzən görürsən ki, bir məsələnin üzərinə gedəndə, bu işin sonu olmadığını, haqq-ədalətin olmamasını deyirlər. Amma bir məsələnin üzərinə inadla getmək bizim üçün əsas göstərici olmalıdır. Məhz bunu da Türkiyə etmiş oldu.

Erməni tərəfinə gəlincə, onların beynəlxalq təşkilatları, məhkəmələri davamlı şəkildə aldatmalarına baxmayaraq, bunun sonu gəlib çatır. Ermənilər özləri bu qərardan nəticə çıxarmalıdırlar ki, bu qədər yalanla hərəkət etmək olmaz. Artıq onların yalanları keçmir".

"Avropa erməni yalanlarına artıq özü belə inanmaq istəmir"

Tarixçi Taleh Cəfərov deyib ki, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən, nəhayət, sonu ədalətlə bitən qərar qəbul edildi: "Hələ ötən il açıqlamalarımda qeyd etmişdim ki, 100 illik erməni yalanları şousu uğursuzluqla bitəcək və bundan sonra erməni diaspor təşkilatlarının antitürk fəaliyyəti geriyə gedəcək. Çox keçməyəcək ki, haqq-ədalət öz yerini tapacaq. "Perincek davası" nəhayət ki, öz nəticəsini verdi. Vaxtilə verilmiş qərarını geri götürmüş oldu. Demokratiyanın beşiyi kimi tanıdığımız Avropa türkləri aşağılayan, onu barbarlıqda günahlandıran, ilk soyqırımı törətmiş millət damğasını götürmüş oldu. Ermənilərə qarşı "soyqırımı olmayıb" kəlməsini işlətməklə 3 il həbs cəzası və üstəlik 45 minlik avro cəriməsi də aradan qalxmış oldu. Deməli, Avropa erməni yalanlarına artıq özü belə inanmaq istəmir".

T.Cəfərov deyib ki, bu hadisə Avropa ölkələrini ayrı-ayrılıqda silkələyəcək: "Həmin ölkələr qondarma "erməni soyqırımı olmuşdur, türklər ermənilərə soyqırım törətmişlər" kimi fikirlərini geri götürməlidirlər və hadisələr də bu məcrada inkişaf edəcək. Məhkəmənin bu qərarı ilə artıq istənilən şəxs Avropada ermənilərə qarşı qətliam olmadığını açıq şəkildə ifadə edə bilər və buna görə həbs olmayacaq. Düşünürəm ki, artıq Avropada ədalət qələbə qazandı və bu erməni diasporuna və lobbisinə ən ağır zərbədir.

Erməni diasporu 200 illik tarixində ən böyük zərbəsini almış oldu və bundan sonra yəqin ki, "soyqırımı" qəbul etmiş ölkələr qərarlarından imtina edəcəklər. Avropa, eləcə də, dünya dövlətləri ərköyün ermənilərin xətirlərinə dəyməmək üçün, sözsüz ki, bu qərarın elə də ciddi əhəmiyyət daşımadığını deməklə onları sakitləşdirməyə çağıracaq. Artıq bu gün erməni diasporunun antitürk fəaliyyəti uğursuzluğa məhkumdur".

"Qərarın Türkiyə və bütün dünya üçün böyük əhəmiyyəti var"

"Avropa İnsan Hüquqları Məhkəməsinin qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıması məhkəmənin qərəzsizliyinə inamı möhkəmləndirdi". Bunu Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu deyib.
A.Qriqoriu bildirib ki, bu qərar bütün dünyaya nümayiş etdirib ki, Avropa Məhkəməsində ikili standartlara yer yoxdur. Bu qərar dünyada erməni lobbisinin mövqeyini hələ zəiflətməyib. Lakin qərarın Türkiyə və bütün dünya üçün böyük əhəmiyyəti var.

A.Qriqoriu qeyd edib ki, Avropa Məhkəməsinin qərarı İnsan Haqları Konvensiyası və qanunun aliliyinin siyasi spekulyasiyalar və yalan üzərində təntənəsini nümayiş etdirdi.

Xatırladaq ki, 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər