17 Oktyabr 2015 12:10
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti seçkiqabağı sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər. "Ölkə düzgün istiqamətdə hərəkət edirmi" sualına isə respondentlərin 77,1 faizi "düzgün istiqamətdə" cavabını verib. Yalnız 14,7 faizi bildirib ki, istiqamət düzgün deyil. Bu barədə ABŞ-ın "The Street" nəşri şirkətin hesabatına istinadən yazır.

Məlumat üçün bildirək ki, "Arthur J. Finkelstein & Associates" ABŞ-da 40 ildir siyasi konsaltinq və araşdırmalar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət "exit-poll", sorğu, təhlillərin keçirilməsi üzrə xidmətlər göstərir, eləcə də, mediastrategiya və imiclə bağlı konsultasiya aparır. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak edib, eləcə də, sorğu aparıb və strategiya hazırlayıblar.

Siyasi şərhçilərin sözlərinə görə, ölkəmizlə bağlı yuxarıda qeyd olunan nəticələr Azərbaycanda xalqla hakimiyyət arasında həmrəyliyin olmasını bir daha təsdiqləyir. Ölkəmizə qarşı məkrli kampaniya aparan qurumlara qarşı isə növbəti ən tutarlı cavablardan biri olub.

Bu istiqamətdə fikirlərini öyrəndiyimiz siyasi şərhçi Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan üçün bir nömrəli problem Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Bu məsələdə, doğrudan da, xalqın hakimiyyəti dəstəkləməsi müsbət bir hal kimi qiymətləndirilməli və Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət alqışlanmalıdır. Xalq Prezidentlə birdir. Məhz bu istiqamətdə aparılan siyasət öz bəhrəsini verməkdədir. Balans artıq xarici və daxili siyasətdə Azərbaycanın xeyrinə nəzərəcarpacaq dərəcədə dəyişib. Bu isə, artıq erməniləri qorxudur. Məhz buna görə də rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər. Bundan başqa, ölkənin düzgün istiqamətdə hərəkəti qeyd edilib və bugünkü stabilliyə görə, düzgün siyasət müsbət hal kimi qiymətləndirilir. Təbii ki, əsas məsələlərdən biri təhlükəsizliyə təhdidlərin qarşısının alınmasıdır. Bu məsələdə də müvafiq addımlar atılır və ümumi geosiyasi baxımdan, demək olar ki, bu gün stabillik hökm sürür. Yəni, bütün bunları nəzərə alsaq, xalq-hakimiyyət birliyi müsbət qiymətləndirilməlidir".

A.Nağıyev əlavə edib ki, statistik rəqəmlər və rəy sorğularının nəticələri Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlara da ünvanlanan sərt mesajdır: "Təbii ki, bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da çətinliklər mövcuddur. Ölkədə erməni təcavüzü nəticəsində silahlı münaqişə, müharibə şəraiti hökm sürür. Lakin həyat bütün istiqamətlərdə öz axarı ilə davam edir və bu, təbii ki, hamını razı sala bilməz. Kimsə ölkənin xaosa sürüklənməsini istəyir ki, öz çirkin əməllərini həyata keçirsin, kimsə siyasi dividend qazanmaq üçün Qərbin bəzi dairələrinin fikirlərini sırımağa çalışır. Başqa biriləri isə Azərbaycanı ərəb dövlətlərində baş verənlərə eyni hala salınmsını arzulayır. Lakin bütün bunlara baxmayarq, Azərbaycan öz siyasətini yürüdür və bu, ən düzgün yoldur. Məhz bunu görən bir sıra beynəlxalq təşkilatlar öz qısqanclıqlarını göstərir. Ancaq istəklərinə nail ola bilmirlər. Çünki bizim tutduğumuz yol düzgün yoldur".

Politoloq Qabil Hüseynli isə bildirib ki, bu sorğunun nəticələri ABŞ-ın bütün şübhələrinə son qoymalıdır. Onun sözlərinə görə, ABŞ indiyədək Azərbaycanın ünvanına səsləndirdiyi tənqidləri yəqin ki, dayandıracaq: "Onsuz da artıq dayandırmaqda idi. Ancaq bu dəfə özünün rəy sorğusu keçirən bir təsisatının Azərbaycanda rəy sorğusu keçirməsi və maraqlı qənaətlərə gəlməsi ABŞ-ın bundan sonra Azərbaycan siyasəti üçün əsas rolunu oynayacaq. Əvvəla, rəy sorğusu göstərdi ki, hakimiyyət partiyası və hakimiyyətin başında dayanan adamın cəmiyyətədə sosial dayaqları kifayət qədər möhkəmdir. Rəyi soruşulanların 82 faizinin İlham Əliyev siyasətinə "əla" və "yaxşı" deməsi İlham Əliyevin reytinqinin Vladimir Putinin nail olduğu 74 faizlik reytinqdən daha çox olduğunu göstərir. Yəni, ABŞ ilk əldən, bilavasitə özününü müstəqil sosioloji sorğu mərkəzi vasitəsilə əmin oldu ki, Azərbaycan cəmiyyəti əvvəla, daxildən kifayət qədər möhkəmdir, Azərbaycan hakimiyyətinin sosial dayaqları güclüdür və cəmiyyət öz seçdiyi hakimiyyətə kifayət qədər etimad göstərir. Məncə, bundan sonra cəmiyyətdə müxtəlif alternativ fikirlər axtarışına, cəmiyyəti tənqid edən müxtəlif fikirlərin söylənməsinə o qədər də ehtiyac qalmır. Amerika bundan sonra özünün geostrateji maraqlarını bu sorğunun nəticələrinə uyğun quracaq və Azərbaycanla münasibətləri əvvəlki kimi strateji tərəfdaşlıq səviyyəsində qoruyub saxlayacaq. Bu, çox sevindirici haldır. Dünyanın bir nömrəli dövləti ilə Azərbaycan arasındakı münasibətlərin daha da möhkəmlənməsinə yol açacaq bir sorğunun keçirilməsi və onun nəticələrinin elan olunması, sözsüz ki, sevindirici haldır. Biz əmin ola bilərik ki, həm hakimiyyətə xalq tərəfindən böyük etimad göstərilir, həm də İlham Əliyev ölkəni düzgün və çox savadlı idarə edir. Bütün bunlar isə gələcək uğurların rəhnidir".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər