17 Oktyabr 2015 15:31
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə- çökmə ərazisinin əhatə dairəsi genişlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın hissəsində isə çatlar əmələ gəlib: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə aktivdir. Ərazidə vəziyyət daha da pisləşib və yaranan çatlarda genişlənmə olub. Oraya daxil olan suların yığılması nəticəsində çökmə əmələ gəlib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib.

Ərazidə sürüşmənin aktivləşməsinin səbəbi yağış və suvarma sularının təsiridir. Suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Torpaq müəyyən qədər dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orada diametri böyük olan borularla intensiv olaraq selləmə işləri aparılırdı.
Əraziyə axan suların uzaqlaşdırılması üçün kifayət qədər su ötürücü qurğular tikilməyib. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşib. Avtovağzala heç bir təhlükə yoxdur. Sadəcə, istinad divarlarında əyilmə var. Yağışlı hava şəraiti davam edəcəyi zaman sürüşmə sahəsi daha da aktivləşə bilər".

Nazirlik sürüşmə monitorinqi aparır


Baş geoloq deyir ki, ölkə üzrə sürüşmə əraziləri əsasən regionlarda olur: “Kompleks ərazisində baş verən hadisə sürüşmə-çökmə hadisəsidir. Hazırda sürüşmə zonası respublikanın Şəki, Ağsu, İsmayıllı və paytaxt ərazisindəki zığ bölgələrinə aiddir. Həmin ərazilərdə sürüşmə aktivləşib. Hər il olduğu kimi, bu il də nazirlik tərəfindən həmin ərazilərdə monitorinqlər aparılır. Sürüşmələrin hansı formada, nə qədər ərazini əhatə etdiyini, bütün parametrləri ilə bağlı ayın sonunda mətbuata tam məlumat veriləcək”.

Nazirlik rəsmisi deyir ki, ərazidə istinad divarında bərkidilmə işləri aparılır: “Ərazi yeni tikilən metro stansiyası, Bakı-Sumqayıt yolu üçün problem yaratmır və gələcəkdə də problem yaranacağı gözlənilmir. Artıq ərazidə selləmə-suvarılmanın qarşısı alınır. Oradakı yaşıllığı da məhv etmək olmaz, amma sulamanı həddində aparmaq lazımdır”.

“Xırda sürüşmə texnogen səbəblərdən əmələ gəlir”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, belə proseslər üçün bərkidici layihələr həyata keçirilir. Bakı avtovağzalı qarşısındakı torpaq sürüşməsi isə qorxulu hadisə hesab edilmir: “Torpaq sürüşməsinin baş verdiyi ərazi sürüşmə zonası deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin planlaşma sənədlərində bu ərazi sürüşmə zonası kimi qeyd edilməyib. Digər xırda sürüşmə prosesləri texnogen səbəblərdən əmələ gəlir.

Metro xətti çəkilərkən ərazidə güclü geoloji-mühəndis axtarış işləri aparılır. Komitənin Baş Ekspertiza İdarəsindən mövcud normativlərə, bütün axtarış növlərinə ciddi riayət olunub-olunmamasına dair müsbət rəy alınır. Bu cür hadisələri önləyən tədbirlər nəzərdə tutulur və zəruri hallarda icra edilir. Düşünmürəm ki, həmin ərazidə qorxulu nə isə var".

“Kompleksin işi sərnişinləri avtobusla təmin etməkdir”

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildiriib ki, kompleksin iş prinsipi sərnişinləri avtobusla təmin etməkdir: “Bu cür məsələlər kompleksin səlahiyyətlərinə daxil deyil. Avtovağzal Kompleksinin yaxınlığındakı sürüşmə-çökmənin qarşısını almaq bizim işimiz deyil. Bildiyimə görə, sözügedən ərazidə sürüşmə ilə bağlı bir sıra bərkitmə işləri aparılır”.

Xatırladaq ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər