Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizin intensiv inkişaf etdiyini, ictimai həyatın bütün sahələrində möhtəşəm nailiyyətlərə imza atıldığını bildirib.
Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, xüsusən də əhalinin məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması, bu məqsədlə yeni məhkəmələrin yaradılması, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu vurğulanaraq, bu sahədə görülən kompleks tədbirlərə toxunulmuş, təkcə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində 11 məhkəmə üçün yeni, müasir tələblərə cavab verən binaların inşası, 40-dək məhkəmə binalarının qabaqcıl standartlara uyğun layihələndirilməsi və hazırda onlardan artıq 10-nun inşasına başlanılması bildirilib.
Məhkəmə fəaliyyətinə xüsusi əhəmiyyət verən ölkə Prezidenti cənab İlham Əliyevin bu günlərdə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub və 2 məhkəmənin yerləşdiyi Sabuncu Məhkəmə Kompleksinin açılışında şəxsən iştirakı hər bir hakimi ədalət mühakiməsini yüksək tələblər səviyyəsində həyata keçirməyə səfərbər edib.
İclasda həmçinin, hakimlərin seçilməsində ən şəffaf və mükəmməl qaydaların tətbiq olunması, çoxmərhələli seçim prosesi nəticəsində son illər ərzində 2600 namizəd sırasından 307 nəfər hüquqşünasın hakim vəzifəsinə təyin edilməsi qeyd olunaraq, bildirilib ki, bu sahədə Azərbaycan təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə edilib.
Şuranın iclasında 2010-cu ildə yeni qaydalarla seçilmiş 50-dək hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ətraflı təhlillər aparılıb, onların hər birinin fəaliyyəti yerində öyrənilib, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar prinsipial müzakirə olunub.
Çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlara toxunmuş, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə vəzifələri qeyd edib.
Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən açıq müzakirələr zamanı vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar nəzərə çatdırılıb, ədalətli və qərəzsiz olmağın, etik davranış kodeksinin tələblərinə dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir hakimin ən ümdə vəzifəsi olması vurğulanıb, onların hakim vəzifəsinə yararlılığına dair müvafiq təkliflər hazırlanıb.
Hacı Zeynalov