Lisenziyaların verilməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bəzi məsələlərə aydınlıq gətirib.
O, Prezidentin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlandığını deyib: “Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik. Hazırda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılacaq. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilməsi nəzərdə tutulur”.
Elçin İbrahimov deyib ki, lisenziyalar “ASAN xidmət” mərkəzləri vasitəsilə müvafiq ünvanlarda veriləcək. Qaçqın və məcburi köçkün sahibkarlar isə fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Naibə QURBANOVA