Ötən bazar günü Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə iştirak edib.
Seçicilər Türkiyənin Bakıdakı səfirliyində, Naxçıvan və Gəncə konsulluqlarında səsverməyə qatılıblar. Paytaxt Bakıda 6311, Gəncədə 338 və Naxçıvanda 354 olmaqla ümumilikdə 7003 nəfər seçici olub.
Xatırladaq ki, Türkiyə YSK-sı 1 noyabr növbədənkənar parlament seçkiləri ilə bağlı 54 ölkədəki 113 təmsilçiliyində səsvermə məntəqələri yaradıb. Artıq xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başa çatdırılıb.
Bütövlükdə qardaş Türkiyədə seçkilərin necə keçəcəyi diqqət mərkəzindədir.
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Türkiyədə baş verən son hadisələr, terror olayı elə birbaşa Türkiyədə keçirilən seçkilərlə əlaqədardır: “Yəni, əslində baş verənlər Türkiyədə keçiriləcək parlament seçkilərinə təsir etməyə hesablanmış hadisələrdir. Bir çox analitiklər, o cümlədən mən təkrar keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının təkbaşına iqtidara bəs edə biləcək qədər səs yığması ilə bağlı fikirlər bildirdik. Amma hazırkı proseslər qeyd etdiyimiz fikirlərlə bağlı tərəddüdlər yaradıb. Çünki faktiki olaraq, Ankaradakı terror olayı və ondan sonra baş vermiş hadisələr HDP-nin mövqeyini gücləndirə bilib. Burada bir vacib məqam var. Əgər HDP 10 faizlik həddi keçsə, onda AKP təkbaşına iqtidara sahib ola biləcək hökumət qura bilməyəcək. Yox, əgər bunun əksi olsa, AKP təkrar seçkilərdə bundan əvvəlki seçkilərdə əldə edə bilmədiyi nəticəni əldə edə biləcək. Ərdoğan və AKP iqtidarı konstitusiyaya dəyişiklik etmək istəyir. İnanmıram ki, AKP iqtidarı bu başqanlıq sistemi ilə bağlı dəyişikliyə bəs edə biləcək qədər səs yığsın. Bu real deyil və indiki məqamda mümkünsüz görünür. Amma təkbaşına iqtidara bəs edə biləcək səs yığa bilərdi, şansı da çox idi. Lakin son proseslər HDP-ni önə çıxardı”.
Analitik qeyd edib ki, başqa bir məqam MHP və CHP ilə bağlıdır: “Hazırda Türkiyədə belə bir rəy formalaşır ki, sanki CHP və MHP bu proseslərin kölgəsində qalıb. Diqqət etdikdə görürük ki, hazırda iki siyasi qüvvə ortadadır, AKP və HDP. Məhz proseslər də bu iki siyasi təşkilatın arasında cərəyan edir. Bu anlamda, təbii ki, qarşıdan gələn həftə son dərəcə prinsipial bir həftə olacaq və yaxın günlər ərzində baş verə biləcək proseslərdən biz nəticə çıxara biləcəyik. AKP üçün əsas iki məqam var. Birinci məqam odur ki, AKP təkbaşına iqtidara bəs edə biləcək qədər səs toplasın. Bu halda AKP-nin mövqeləri güclənəcək və HDP-nin Türkiyə siyasi dairələrində mövqeyinin zəifləməsinin şahidi ola biləcəyik. Bu da separatçı qruplaşmaların Türkiyədə daha da aktivləşməsinə səbəb ola bilər.
İkinci ehtimal isə AKP-nin kifayət qədər səs yığa bilməməsidir. Bu zaman isə hökumətin koalisiya əsasında qurulması variantları ortaya çıxır. Əgər AKP kifayət qədər səs yığa bilməsə, bu halda AKP-MHP koalisiyasını görmək mümkündür. Bu dəfə koalisiya hökumətində olmaq niyyətini MHP-də görürəm. Çünki bundan əvvəl MHP yox deməklə, öz mövqeyində geriləməyə səbəb oldu. Əslində, koalisiya təklifinə konkret şəkildə “yox” demək, həm özünün, həm Türkiyənin maraqlarına ziddir. Bu mənada, hesab edirəm ki, AKP kifayət qədər səs toplamasa, üfiqdə bir AKP-MHP koalisiyasının qurulması məsələsi var".
BƏXTİYAR