Bəzi xarici dairələrin Azərbaycana təzyiq göstərməsinin əsas səbəbi ölkəmizin yürütdüyü müstəqil siyasətlə bağlıdır. Dünya gücləri beynəlxalq sülhün təmin olunmasında maraqlı deyillər. Əks halda onlar 20 ildən artıqdır BMT-nin qətnamələrini icra etməyən Ermənistanla bağlı dinləmələr keçirərdilər. Bu sözləri Secki-2015.az saytına Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələr barədə danışarkən deyib.
Onun sözlərinə görə, 70 illik yubileyini qeyd edən BMT-nin özü də bu dövr ərzində dünyada sülhün təmin olunması baxımından heç bir ciddi addım atmayıb. O deyib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq vətəndaşımızın hüquqları pozulub. Dünya birliyi isə bu məsələlərə ciddi əhəmiyyət vermir. Diqqət yetirsək, Yaxın Şərq böhranı ilə bağlı Avropada yaranan humanitar fəlakətin qarşısını almaq üçün Qərb dövlətləri qeyri-insani addımlara əl atırlar. Buradan da görünür ki, qaçqın və məcburi köçkün problemi dünya güclərini maraqlandırmır. Onlar yalnız qaçqın axının qarşısını kəsmək üçün yollar axtarırlar. Bu, problemi həll etmir. Qərb bununla qaçqınları ölümlə üz-üzə qoyur. Ona görə də, beynəlxalq dairələrin Azərbaycanın məcburi köçkün probleminə biganə yanaşmasında təəccüblü heç nə yoxdur. Onları insan hüquqlarının vəziyyəti maraqlandırmır. Konkret cinayət əməllərinə görə həbs olunan bir neçə şəxsin məsələsini qaldırmaqla bəzi Qərb dairələri ölkəmizlə bağlı çirkin maraqlarını həyata keçirməyə çalışır”.
Hərbi ekspert qeyd edib: “Qərbin ölkəmizin daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Görünür ki, Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi uğurlu nəticələr Qərbə sərf etmir. Lakin Azərbaycan bütün parametrlərə görə, qərəzli beynəlxalq təşkilatların hesabatlarına müsbət qeydlərlə düşən əksər dövlətlərdən yaxşı vəziyyətdədir. Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında da müstəsna rola malikdir. Eləcə də Avropanın enerji təhlükəsizliyində ölkəmiz yeganə alternativ hesab olunur”.
E. Həsənli əlavə edib ki, bəzi Qərb təşkilatları ölkədə parlament seçkilərinə hazırlıq prosesinə start verilmədən qərəzli bəyanatlar verməyə başlayıb: “Hərçənd, bir çox Qərb dövlətləri, o cümlədən ABŞ-da seçkilər zamanı kifayət qədər qanun pozuntuları aşkar olunur. Bütün bunlar həmin ölkələrin vətəndaşlarının diqqətindən kənarda qalmır. Bundan əlavə demək olar ki, hər gün Qərbdə irqi və dini zəmində cinayət hadisələri baş verir. Bu, həmin dövlətlərin özündə insan hüquqları ilə bağlı ciddi problemlərin olduğunu göstərir”.