2 Dekabr 2015 00:20
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur. Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir.

Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: "Bu gün Naxçıvanda çox əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikasında çox gözəl, müasir xəstəxana açılır. Bu münasibətlə sizi və muxtar respublikanın bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, əlamətdar hadisədir. Xəstəxana ən yüksək standartlara cavab verir. Xarici görünüşü də çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda, burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Çox gözəl dizaynı var. İnteryer, palatalar, əməliyyat otaqları, dializ bölməsi də gözəldir. Yəni, burada bir neçə bölmə fəaliyyət göstərir".

Dövlət başçısı vurğulayıb ki, bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır: "Çünki bu günə qədər həm diaqnostika mərkəzi tikilib istifadəyə verilmişdir, doğum mərkəzi tikilmişdir və bütün rayonlarda müasir xəstəxanalar artıq var, fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Çünki buna böyük ehtiyac var idi. Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac var idi. Bu, doğrudan da çox əlamətdar hadisədir və bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa Azərbaycanda biz bunu edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir".

Prezident qeyd edib ki, ekologiya ilə bağlı məsələlər öz həllini tapır: "Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi. Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir. Şadam ki, Naxçıvan şəhərində də bu problem artıq öz həllini tapıb. Artıq bir müddətdir ki, sakinlər fasiləsiz olaraq təmiz içməli su alırlar. Kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində də işlər gedir. Eyni zamanda, bizim planlarımızda o da var ki, Naxçıvanın bütün rayon mərkəzlərində içməli su, kanalizasiya layihələri icra edilsin və biz bu məqsədə çatacağıq".

İlham Əliyev bildirib ki, Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür: "İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil. Həkimlərin hazırlığı istiqamətində işlər aparılır. Müasir avadanlıq alınır. Yəni, bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıbdır. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər".

Azərbaycan Prezidenti deyib ki, bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır: "Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda, uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi, yəni, bu, özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda, sosial məsələlər də öz həllini tapır. Səhiyyə, təhsil, idman - budur əsas sosial infrastruktur məsələləri. Eyni zamanda, Naxçıvanda infrastruktur məsələləri də demək olar ki, artıq həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilmişdir. Ordubad Su Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni, kompleks yanaşma bundan ibarətdir".

Dövlət başçısı qeyd edib ki, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin: "Çünki çox sevindirici haldır ki, Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıbdır. Əhalinin artımı əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Bildiyiniz kimi, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşübdür. Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılmışdır. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılmış, həm də xarici banklardan kreditlər götürülmüşdür. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir".

İlham Əliyev vurğulayıb ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir: "Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: "Möhtərəm cənab Prezident, bu gün Azərbaycan sabit və davamlı inkişafa malikdir. Bu inkişaf ona görə sabitdir ki, onun əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Ona görə davamlıdır ki, Azərbaycanda bu siyasətə alternativin olmadığını reallığa çeviribsiniz. Çıxışlarınızın birində dediyiniz kimi, görülən işlər onu göstərir ki, biz faktiki işlərlə, əməli addımlarla sübut etdik ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır".

O, qeyd edib ki, bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli, əsaslandırılmış inkişaf proqramı olmasın: "Ölkəmizin inkişafının mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Blokada şəraitində yaşayan muxtar respublikada bütün sahələrlə yanaşı, enerji təhlükəsizliyinə də diqqət artırılmışdır. Vaxt var idi ki, muxtar respublikada elektrik enerjisi fasilələrlə verilir, qonşu ölkələrdən enerji alırdıq. Sizin rəhbərliyinizlə 2005-ci ildə muxtar respublikaya təbii qaz xətti çəkilmiş, bu hesaba enerji təsərrüfatı gücləndirilmiş, modul və qaz-turbin stansiyaları, Heydər Əliyev Su Anbarı, Arpaçay və Biləv çayı üzərində elektrik stansiyaları tikilmiş, alternativ və bərpa olunan enerji mənbələrinin istismarı diqqətdə saxlanılmış, Naxçıvanda yeni Günəş Elektrik Stansiyası yaradılmışdır. Muxtar respublikada həyata keçirilən bütün quruculuq tədbirlərinin himayəçisi olan cənab Prezident 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 120-dən çox obyektin açılışında iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilmişdir.

Hər bir inkişafın əsasında insan amili dayanır. Ölkə rəhbəri muxtar respublikanın inkişafına öz töhfəsini verənlərin əməyini yüksək qiymətləndirmiş, son 11 ildə muxtar respublikadan 950 nəfər Azərbaycan Respublikasının dövlət təltiflərinə layiq görülmüşdür. Cənab Prezident, Sizin Naxçıvan Muxtar Respublikasına hər səfəriniz qədim diyarımızın əhalisində qürur və iftixar hissi yaradır. Bugünkü səfər nəticəsində ölkə rəhbərinin iştirakı və himayəsi ilə muxtar respublikada istifadəyə verilən obyektlərin sayı daha da artacaqdır. Bu obyektlər muxtar respublikanın inkişafına yönəlmiş həyati vacib obyektlərdir. Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə, cənab Prezident, Sizə bir daha yüksək ehtiramımızı və minnətdarlığımızı bildiririk".

Sonda xatirə şəkli çəkdirildi.


Müəllif:

Oxşar xəbərlər