Gürcüstandan Azərbaycana qanunsuz yolla külli miqdarda qızıl keçirməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rəşad Abdullayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə baxış zamanı avtomobilin yanacaq çəninin altındakı bağlamadan 66 üzük-sırğa dəsti, 61 üzük, 24 sırğa cütü, 12 boyunbağı, 9 qolbaq, 6 kolye, 4 sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 qızıl külçə aşkar edilib.
Müəyyən edilib ki, Rəşad Abdullayevdən götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 kiloqram 273,70 qramdır.
Rəşad Abdullayev Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib. Qazax Rayon Məhkəməsinin hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 2 il 6 ay şərti cəza verilib. Həmçinin məhkəmə Rəşad Abdullayevin Gürcüstandan gətirdiyi qızılların dövlət hesabına keçirilməsi barədə qərar qəbul edib.
Hökmdən narazı qalan Rəşad Abdullayev apelyasiya şikayəti verib. O, şikayətində müsadirə olunan qızılların ona qaytarılmasını istəyib. Şikayət araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
“Əli maddi vəziyyətimin yaxşı olmadığını bildi”
Məhkəmədə ifadə verən Rəşad Abdullayev ona elan edilmiş ittihamda özünü təqsirli bilib. O, bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 240" markalı nəqliyyat vasitəsi ilə taksi kimi fəaliyyət göstərir: ”Əsasən Gəncə şəhərində müxtəlif sərnişinləri daşıyıram, bəzən isə müştəriləri Gürcüstan Respublikasına aparıb-gətirirəm. Sonuncu dəfə Gürcüstanın Tbilisi şəhərinə 3 iyul 2013-cü ildə, günorta saatlarında getmişəm.
Həmin gün evə lazım olan bazarlıq etdikdən sonra bir qədər şəhərin mağazalarını gəzdim. Bu zaman əvvəldən tanıdığım, Tbilisi şəhərində qızıl-zinət əşyaları mağazası işlədən türk vətəndaşı Əli adlı şəxslə rastlaşdım. Əli məni mağazasına dəvət etdi. Mağazada söhbət edərkən Əli maddi vəziyyətimin yaxşı olmadığını bildi. O, mənə nisyə olaraq qızıl-zinət əşyaları verməyi və həmin qızıl-zinət əşyalarını Gəncə şəhərində satdıqdan sonra pulunu qaytarmağı təklif etdi. Bu təklif məni qane etdiyindən razılaşdım. Özüm əvvəllər heç bir zaman qızıl-zinət əşyalarının satışı ilə məşğul olmamışam. Bu səbəbdən qızılların qiymətini bilmədiyimi və hazırda daha çox hansı növ qızıl-zinət əşyalarının satılmasını Əlidən soruşdum. Ona həmin növ qızıl-zinət əşyalarından verməyi xahiş etdim".
“Qızılları gizli keçirmək qərarına gəldım”
Təqsirləndirilən şəxs qeyd edib ki, Əlinin özü müxtəlif ölçüdə və çəkidə cəmi 8 cür qızıl-zinət əşyalarını ona verib: “Həmin qızıllar 2 külçə, 12 boyunbağı, 24 cüt sırğa, 61 üzük, 9 qolbağ, 6 kolye, 66 sırğa-üzük dəsti, 4 sırğa-üzük-klon dəstindən ibarət olub.
Əli hesablayaraq həmin qızılların çəkisinin cəmi 1273,70 qram, qiymətinin isə 30 min ABŞ dolları olduğunu bildirdi. Həmin qızılları götürdükdən sonra mağazadan çıxdım. Gecəni Tbilisi şəhərində yerləşən mehmanxanalardan birində qaldım. Qızıllara dair rüsum ödəməyəcəyimi, satarkən daha çox qazanc əldə edəcəyini düşündüm. Buna görə də həmin qızılları gömrük nəzarətindən gizli keçirmək qərarına gəldım. Bu səbəbdən 4 iyul 2013-cü ildə səhər tezdən yuxudan oyanarkən qızılları idarə etdiyim avtomaşının altında, yanacaq çəninin yanında gizlətdım, iki balaca külçəni isə şalvarımın arxa cibinə qoydum. Bundan sonra Gürcüstan-Azərbaycan sərhədinə gəldim və Tovuz Gömrük İdarəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Sınıq Körpü” gömrük postunun gömrük nəzarəti zonasına daxil oldum.
Gömrük nəzarətindən keçərkən gömrük əməkdaşı şifahi sorğu-sual apararaq üzərimdə və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, bəyan edilməsi mütləq olan malların, qadağan edilmiş predmetlərin olub-olmadığını soruşdu. Verilən suallara cavab olaraq avtomaşınımda heç bir qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş, bəyan edilməsi mütləq olan malların olmadığını bildirdim. Yalnız avtomaşınında əl yüklərinin və ev üçün aldığım əşyaların olduğunu qeyd edərək, bu barədə gömrük bəyannaməsini doldurdum".
“Peşmanlıq hissi keçirirəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, doldurduğu gömrük bəyannaməsini gömrük əməkdaşına təqdim edib: “Gömrük əməkdaşı avtomaşına gömrük baxışı keçirdikdən sonra keçməyimə icazə verdi. ”Sınıq Körpü" gömrük postunun ərazisini tərk edərək bir qədər uzaqlaşdım. Sonra arxadan gələn avtomaşın məni saxlatdı, həmin avtomaşından düşən gömrük əməkdaşı vəsiqəsini göstərdi və özünü təqdim etdi. Həmin şəxs gömrük postuna geri qayıtmalı olduğumu bildirdi.
Gömrük postunda əvvəlcə üstüm yoxlanıldı, yoxlama zamanı əynimdə olan şalvarımın arxa cibindən 20 qramlıq 2 qızıl külçə aşkar edildi. Sonra idarə etdiyim avtomaşına baxdılar. Avtomaşınının yanacaq çəninin yanında gizlətdiyim qızıllar aşkar edilərək götürüldü. Hazırda törətdiyim cinayətə görə peşmanlıq hissi keçirirəm".
Məhkəmə heyəti tərəflərin fikirlərini öyrənəndən sonra apelyasiya şikayətinin təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Rəşad Abdullayevin Gürcüstandan gətirərək müsadirə olan qızılları özünə qaytarılıb. Hökm qalan hissədə dəyişdirilməyib.
Hacı Zeynalov