Bugünkü Azərbaycan Heydər Əliyevin Azərbaycan xalqına bəxş elədiyi, qoyub getdiyi mirasdır.
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, bu gün Heydər Əliyevin əziz xatirəsi yaşayır: "Mən həmişə demişəm ki, 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərinin ən böyük dövlət və siyasi xadimlərindən biri Heydər Əliyev idi. Tale belə gətirdi ki, o, Azərbaycanın rəhbəri oldu. Ulu öndər öz xalqını çox sevirdi, Azərbaycana bütün varlığı ilə bağlı idi və çox inanırdı. Bizim hamımız bəlkə də onun inamına, etimadına layiq deyilik, amma o bunu edirdi. Bunun da əvəzində biz ona inanırdıq. Bu gün də biz inanırıq ki, Heydər Əliyevin qoyduğu yol ən düzgün yoldur".
PA rəsmisi deyib ki, Suriya, Liviya, İraq, Əfqanıstan və başqa müsəlman dövlətləri ilə müqayisədə Azərbaycan ən mürəkkəb geosiyasi regionda yerləşir: "Amma biz onlardan üstünük, çünki bizim Heydər Əliyev kimi rəhbərimiz olub, bu Azərbaycan da onun yadigarıdır. Prezident İlham Əliyev də çox böyük dövlət və siyasi xadimdir. Görün, mürəkkəb vəziyyətlərdən hansı ustalıqla keçə-keçə hara gəlib çıxırıq. Bütün müsəlman ölkələrini təhlil edin, görün nələr olur. Bizim qədər çətin bir yerdə, çətin bir şəraitdə, proseslər içində yaşayan ikinci bir dövlət tapmaq olmaz".
N.Məmmədov əlavə edib ki, Azərbaycan ən mürəkkəb dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir: "Geosiyasət klassikləri deyir ki, Balkanlardan sonra Avrasiya məkanında ikinci ən həssas nöqtə, bütün proseslərə rəvac verə biləcək məkan Cənubi Qafqazdır. Belə bir yerdə bu cür sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək və qazanmaq çox böyük şeydir. Qarabağ da bizimdir və bizim də olacaq. Lakin bu gün proseslərin ən optimal yolu budur".
O vurğulayıb ki, Heydər Əliyev 2015-ci ildə Azərbaycanın belə olacağını, bu cür əlaqələrinin olacağını, bu cür inkişaf səviyyəsinə gəlib çıxacağını, bu yolla davam edəcəyini bilirdi: "Bunun da əsas səbəblərindən biri həm xalqının ona inanması, həm də onun qoyduğu yolun bütün sahələrdə tam vərəsəlik hüququ olan Prezident İlham Əliyev tərəfindən davam etdirilməsidir. Çünki Azərbaycanı bu cür şəraitdə saxlamaq, bütün maraqlarımızı qorumaq, bütün siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azətbaycanı bu regionda belə bir səviyyəyə qaldırmaq və belə saxlamaq qeyri-adi, fövqəl bir ustalıq, qüdrət deməkdir ki, bu da artıq Azərbaycan xalqı üçün təmin olunub. Heydər Əliyev o qədər dahi, o qədər böyük tarixi şəxsiyyətdir ki, o, Azərbaycanı bütün müsəlman dövlətləri üçün nümunə kimi ortaya qoyub ki, baxın, İslam dininə xidmət edən xalqın da belə dövləti ola bilər və bunu davam etdirə bilər. Bu nəinki İslam ölkələri, bütün dünya üçün nümunədir. Baxmayaraq ki, bəziləri paxıllıqdan bunu etiraf etmək istəmirlər".
Trend