Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Məhəmməd Əşrəf Qaninin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Əfqanıstan Prezidentinə raport verdi.
Əfqanıstan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident Məhəmməd Əşrəf Qani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Əfqanıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məhəmməd Əşrəf Qaniyə, Əfqanıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.