Tədris ilinin əvvəlində müxtəlif təhsil müəssisələrində dərslərin müxtəlif saatlarda başlamasına bir neçə izah verildi. Bir izah da beləydi ki, uzaq məsafədə yerləşən məktəblərə getmək üçün eyni vaxtda valideyn və şagirdlərin ictimai nəqliyyat və fərdi avtomobildən istifadə etməsi yolları yükləyir.
Yaxın məktəb, yoxsa seçilən məktəb məsələsi hələ Təhsil naziri Mikayıl Cabbarov yeni nazir təyin olunan vaxtdan aktual idi. Hətta 2013-cü ilin başlanğıcında növbəti ildən orta məktəblərə şagird qəbulunun yaşadığı ərazi üzrə keçirilməsi təşəbbüsü irəli sürülsə də, sonra nədənsə bu məsələ gündəmdən çıxdı. Üstəlik, bu məsələdə şagirdlərin ağır məktəb çantalarını da uzaq məsafə daşıması, uşaqlarda onurğa əyriliyi, skalyoz xəstəliyinin yaranma təhlükəsi də çox hallanırdı.
Bu ilin əvvəlində Təhsil Nazirliyinin Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının I siniflərə qəbulu dayandırması haqında qərarı ilə bağlı müəllimlər etiraz aksiyası keçirəndə məsələ bir daha aktuallaşdı. Həmin aksiyada valideynlərdən biri bildirdi ki, övladlarını uzaq məsafə qət edərək Zabrat qəsəbəsindən bu gimnaziyaya gətirməsində məqsədi onların keyfiyyətli təhsil almasıdır. Çünki şagirdlər ev tapşırıqlarını da dərsdən sonra məktəbdə qalmaqla icra edirlər, bu da onların dərsi mənimsəməsinə müsbət təsir göstərir.
Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev isə valideynlərə bildirdi ki, şagirdlərin uzaq məsafə qət etməsi həm vaxt itkisinə, həm də şagirdin fiziki və psixoloji cəhətdən yorulmasına səbəb olduğu üçün nazirlik şagirdlərin yaxın ərazidə yerləşən məktəblərə getməsinə tərəfdardır. Hətta I sinfə qəbulu dayandırıldığı üçün işsiz qalan müəllimlərə də vəd edildi ki, onların da müəllim olaraq iş təminatı daha yaxın məktəblərdə nəzərdə tutulur.
Valideynlərin keyfiyyətli məktəbə yoxsa yaxın məktəbə üstünlük verməsi məsələsinə təhsil ekspertləri fərqli yanaşır.
Məktəb seçimində inzibati qayda tətbiq olunmalıdırmı?
Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirir ki, müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, valideyn və şagird məktəb seçimində yenə də müstəqildir. Onun fikrincə, yaxın ərazinin seçilməsi ilə bağlı valideynlər arasında güclü maarifləndirilmə işləri aparılsa, yaxud inzibati qayda tətbiq olunsa, məsələ müsbət həllini tapa bilər: “Müstəqillik dövrünə qədər məcburi bir qayda vardı ki, şagird yaşadığı yerin ərazisində təhsil almalıydı. Məsələn, bir uşağın Əhmədli qəsəbəsindən şəhər məktəbinə yerinin dəyişdirilməsi böyük problem idi. Ötən əsrin 90-cı illərindən sonra bu məhdudiyyət aradan qaldırıldı”.
Məlahət Mürşüdlünün fikrincə, şagirdin uzaq məsafədən məktəbə gəlməsi onun fiziki və psixoloji yorğunluğuna səbəb olur, dərs mənimsəməməsinə maneələr yaradır: “Uşaq dərsdə mürgülüyə-mürgüləyə oturur. Valideyn başa düşməlidir ki, uzaq məsafə şagirdin dərs fəallığına mane olan, tədrisinə problem yaradan əsas amillərdən biridir. Bununla əlaqədar valideynlər arasında xeyli maarrifləndirmə işləri aparılmalıdır. Yaxud inzibati qaydalar tətbiq edilməklə qarşısını almaq olar.
Amma hazırda yuxarı siniflərin repetitor hazırlığı ilə əlaqədar cəmiyyətdə bir tendensiya yaranıb. Şəhər məktəblərindən uşaqları çıxarıb yaşadığı ərazi məktəblərinə yerləşdirən valideynlər var. Bu da onunla əlaqədardır ki, yuxarı sinif şagirdlərinin əksəriyyəti repetitor hazırlığına gedir deyə məktəbə gəlmir".
Məlahət Mürşüdlü bildirdi ki, Türkiyə təhsil sistemində də məktəb seçimində valideyn və şagird müstəqildir. Amma onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir.
Yaxın məsafədə təhsil maddi duruma da müsbət təsir edir
Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Muxtar Həsənov hesab edir ki, məktəb seçimində məcburiyyət olmamalıdır, amma evə yaxın məsafədə təhsil almağın bir çox üstünlükləri var: “Yaxın məktəb nəqliyyatın sıxlığı, yol hərəkəti təhlükəsizliyi baxımdan da əlverişlidir. Hətta maddi duruma da müsbət təsir edir. Amma bu, məcburi xarakter daşımamalıdır. Ola bilər ki, yaşadığı ərazidəki məktəbdə təhsil şagirdi, valideyni qane etmir. Valideyn öz övladının uğurlu karyerasını başqa məktəbdə təhsil almasında görə bilər”.
Qanunla şagird məktəbdən evə hazırlıqlı getməlidir
Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıqlının sözlərinə görə, qanunvericiliklə kənd məktəblərində təhsil alan şagirdlərə yaşadıqları yerə yaxın ərazilərdə təhsil alması məsləhət görülür. Qanunvericiliyə görə, kənd məktəblərində şagirdlər 3 kilometrdən artıq məsafə qət etməli olarlarsa, onlara dövlət tərəfindən nəqliyyat vasitəsi təyin olunur: “Amma qanunvericiliklə bu məsələdə qadağa yoxdur, valideyn də, şagird də müstəqil seçim etməlidir”.
Şagirdlərin məktəbdə hazırlığına gəlincə, təhsil eksperti dedi ki, sovet təhsil sistemində də, indiki qanunvericiliyə görə də, şagirdin məktəbdə dərs hazırlığı üçün əlavə məşğələlərə cəlb edilməlidirlər: “Ümumiyyətlə, məktəbin də, müəllimin qarşısında qoyulan əsas vəzifə budur: tədris elə təşkil olunmalıdır ki, şagird dərsini məktəbdə öyrənərək evinə hazırlıqlı getməlidir. Dərsdənkənar vaxtda şagird əlavə yüklənməməlidir. Yəni dərs məşğələləri o səviyyədə qurulmalıdır ki, şagirdin evdə hazırlığına ehtiyac qalmasın.
Təəssüf ki, bu, “Təhsil haqqında” qanunun məktəb qarşısında qoyduğu prinsip olsa da, Azərbaycan təhsil sistemində bu tələblərə cavab verən məktəb yoxdur. Əgər qanunla tənzimlənən bu prinsipə əməl olunsaydı, məktəbin nüfuzu qalxardı, nə repetitor hazırlığına ehtiyac qalardı, nə də uzaq məsafədən keyfiyyətli məktəb axtarışına.
Bu məsələ isə təhsilin düzgün idarə edilməsindən asılıdır. Hazırda Bakı şəhərində müəllimlərin maaşı artırıldı, amma müəllimin qarşısında qoyulan tələblərə diqqət yetirilimədi. Əslində isə müəllimin əməyi hazırladığı şagirdlərin səviyyəsinə görə qiymətləndirilməlidir.
Sınaq qiymətləndirməsi testindən keçən müəllim tədrisin keyfiyyətinə eyni məsuliyyətlə yanaşırsa, onun maaşının artmasının tədrisin keyfiyyətinə heç bir müsbət təsiri ola bilməz. Qanun, qayda təkmil ola bilər, amma bu sənədlərin icra olunması mexanizmi təkmil olmayanda, nəticə əvvəlki kimi qalır".
Sevil Hilalqızı