12 Yanvar 2016 10:03
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilməkdədir.

Xidmətin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.

O cümlədən yanvarın 9-da həmin sərhəd zastavanın xidməti sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə saxlanılıblar.

Yanvarın 10-da isə Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş vətəndaşları Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanılıblar. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BƏXTİYAR


Müəllif: