5 Fevral 2016 16:33
434

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu, Əfqanıstan İslam Respublikasının Prezidentinin ötən ilin sonlarında ölkəmizə səfərinin əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

Daha sonra R.Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud krirminogen durum, eyni zamanda müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi barədə qısa məlumat verib. Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında ölkəmizdə köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar həyata keçirilib, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin təmini istiqamətində atılmış qətiyyətli addımlar nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti nəzarətə götürülüb.

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

O da bildirilib ki, ölkəmizin sürətli inkişafını şərtləndirən əsas amillərdən olan ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrin qazanılması bir tərəfdən şəxsi heyətin peşəkarlığının artırılması, hüquq-mühafizə oqanlarının əlaqəli fəaliyyəti, digər tərəfdən yeni informasiya texnologiyalarının geniş tətbiqi nəticəsində mümkün olub. Bu məqsədlə son illər mötəbər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 6000-dən çox əməkdaş iştirak edib.

Problemlərə toxunan nazir terrorizmin Əfqanıstan xalqına böyük bəlalar gətirdiyini, ölkəmizin də bundan xeyli əziyyət çəkdiyini xatırladaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotika qaçaqmalçılığı ilə mübarizənin həmişə diqqət mərkəzində durduğunu, belə qlobal xarakterli təhlükələrə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Göstərilən istiqamətdə iki ölkənin müvafiq strukturları arasında saziş layihəsinin hazırlanaraq aidiyyəti orqanlara təqdim edildiyi səfirin nəzərinə çatdırılıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir M.T.Xalil dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnun qaldığını, hələ 20 il öncə tələbə ikən bir müddət ölkəmizdə olduğunu, ötən illər ərzində Azərbaycanın inanılmaz dərəcədə dəyişərək gözəlləşdiyini və inkişaf etdiyini, sabitlik, təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətlərinə nümunə ola biləcəyini bildirib, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Müəllif: