12 Fevral 2016 18:24
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DGK Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan DGK sədrinin birinci müavini Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açmış, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır.

S.Mehdiyev istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusilə, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Koreya Respublikası Gömrük Xidmətinin dünyada özünü təsdiq etmiş bir qurum olduğunu məmnunluqla qeyd edən DGK sədrinin birinci müavini S. Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə birgə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, eləcə də informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə S.Mehdiyevə təşəkkür edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu Koreya hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirmiş, iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açmış, eləcə də Azərbaycan və Koreya gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Qonaq qeyd etmişdir ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.

Səfir Kim Çanq-gyu Azərbaycan Gömrük Xidmətilə əməkdaşlıqdan razılığını və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, həmçinin ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcəkdir.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


Müəllif:

Oxşar xəbərlər