Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiya Federasiyasına 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi bununla bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 380 deyil, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub: “Onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb”.
Faktla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA