24 Fevral 2016 12:09
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtdakı əksər mağazalarda ənənəvi 50-70 faiz endirim reklam kampaniyalarına start verilib. Müşahidələrə əsasən deyə bilərik ki, böyük faizlə endirim qoyan mağazalar daha çox dünyaca məşhur, istehsal və satışda yenilik etməklə müştəri qazanan şirkətlərdir. Buna görə də böyük faizli endirimlər başadüşüləndir - köhnə mallar satılmalı, yenilərə yer verməlidir.

Hazırda endirim kampaniyası olan mağazalarda qələbəlikdir. Xüsusən, qeyd etdiyimiz kimi, dünyaca məşhur, brend sayılacaq butiklərdə. Biz də yolumuzu onların dükanından salıb qiymətlə maraqlandıq. Diqqətimizi çəkən əsas məqam “Piere Cardin”, Pologaraj, Stefano Ricci, Patrick Helman, ZARA kimi məşhur firmaların məhsullarının 15-20 manata satılması oldu.

Bu geyimlərin keyfiyyəti barədə fikir bildirmək üçünsə mütəxəssis olmağa gərək yoxdur. Çünki əksər alıcılar təbii materilla sünini ayırd edə bilir. Məsələn Pologaraj mağazasında satılan sintetik yay geyimləri barədə satıcıdan məlumat almaq istədik.

Qeyd edək ki, maraqlandığımız kofta bir neçə ay əvvəl satışa 74 manata qoyulan, hazırda isə 16 manata olan süni parçadan hazırlanıb. Satıcı geyim barədə məlumat vermək əvəzinə marağımızın səbəbini soruşmağa başladı.

Pologarajin rəsmi saytında göstərilib ki, mazağaya məxsus mallar Türkiyə ərazisində satılır və müştərilərin istənilən dükandan məhsulların keyfiyyəti barədə sertifikat tələb etmək hüququ var. Bakıdakı Pologaraj mağazalarında satılan geyimlərin materialının süni parçadan hazırlanması və gözdən yayınmayan keyfiyyətsiz tikilişi onların saxta olduğuna şübhə yaratmaya bilmir.

Eləcə də “Pierre Cardin” mağazalar şəbəkəsində gördüyümüz geyimlər barədə bunu demək olar.

Maya dəyəri ucuz, keyfiyyəti aşağı, amma bahalı

Hazırda dünyada Türkiyə və Çin istehsalı olan geyimlərə daha çox tələbat olduğundan mütəxəssislər Azərbaycana gətirilən məhsulların həmin ölkələrə məxsus olduğunu deyirlər. Lakin sahibkarlar maya dəyəri olduqca ucuz, keyfiyyəti isə aşağı olan malları gətirib burada brend məhsul adı altında satmaqla daha çox qazanc əldə edirlər. Bu faktı dəfələrlə türkiyəli və çinli sahibkarlar vurğulayıblar.

Sonra isə ölçü və dəb tendensiyasına uyğun olaraq geyimlərin çoxu endirimə qoyulur ki, müştəri 5-10 manata “Pierre Cardin” məhsulu aldığını güman edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, alıcının malın keyfiyyəti barədə məlumatlı olması qanunvericiliyə uyğundur: “İstehlakçılar soruşmadığı üçün sahibkarlar arxayınlaşır, buna görə də mağazalarda brend adı altında ucuz qiymətə saxta mallar satılır. Lakin alıcıların ixtiyarı var ki, satılan malın sənədinə baxsınlar. Bu zaman onlar endirimin həqiqətə uyğun olub-olmadığını başa düşə bilərlər”.

“Məşhur brendlərin adından istifadə edirlər”

Marketoloq Ilkin Manafov da ucuz qiymətə satılan “brend” məhsulların saxta olduğunu deyir: “Brendlərin ölkəyə gəlişi iki yolla mümkündür - biri şirkətin rəhbərinin özünün istənilən ölkədə investisiya yatırması, digəri isə hansısa sahibkarın məşhur şirkətlə imzaladığı françayzinq müqaviləsi ilə.
Birinci üsulla şəbəkəni idarə edənin özü hansısa ölkədə şöbə açmaqda maraqlı olur, həmin yerə birbaşa özü investisiya qoyur, bütün gəlirlər özünə qalır. Bütün xərcləri də özü çəkir -icarə haqqından tutmuş, vergiyə qədər.

Məsələ françayzinq müqaviləsi əsasında tənzimləndikdə isə xərcləri yerli sahibkar ödəyir. Buradakı sahibkar xarici ölkələrdəki məşhur olan firmaya müraciət edir və françayzinq müqaviləsi əsasında işləyirlər. Françayzinq müqaviləsinə əsasən, şirkət brendindən istifadə etmək hüququnu satır. Həmin şirkət öz loqosunu, konsepsiyasını verir sahibkara və müştərək şəkildə çalışırlar".

Hazırda Azərbaycanda bu üsulla daha çox restoranlar şəbəkəsinin uğur qazandığını deyən müsahibimiz bu qaydaların çox az sayda geyim mağazalarında işlədiyini bildirdi: “Gloria Jean’s Coffees, ”Mado", “McDonalds” “KFC”, “Sinnabon”un ölkəmizdə konsepsiyasına uyğun fəaliyyət göstərsə də, təəssüf ki, geyim, sənaye, trikotaj məhsullarının satışını həyata keçirən mağazalar barədə bunu demək olmur. Bir neçə mağazaları çıxmaq şərtilə yerdə qalanlar məşhur brendlərin adından istifadə edərək saxta məhsul satışı ilə məşğul olur".

60 dollara Chanel olmaz

Marketoloqun sözlərinə görə, qeydiyyatdan keçmiş brendin adından qanunsuz istifadəyə görə sahibkar məsuliyyət daşıyır: “Belə işbazlara iki tərəfdən təsir göstərmək mümkündür. Biri istehlakçı, digəri isə brendin rəsmi sahibi ola bilər. İstehlakçının orijinal adına saxta məhsul aldığına görə məhkəməyə müraciət etmək hüququ var. İstehsalçı isə müəllif hüququnun pozulmasına, prestijinə xələl gəlməsinə görə məhkəməyə müraciət edə bilər.

Təkcə Azərbacanda deyil, dünyanın iqtisadi baxımdan inkişaf etmiş Almaniya, İtaliya, Fransa, Türkiyə kimi ölkələrində də məşhur firmaların adı altında saxta məhsullar satılır. Rəsmi sahibkarlar bundan narahat olmur, çünki onların konkret mağazaları və alıcılar var. “Geydirmə” mağazaları özlərinin reklam olunması üçün bir vasitə sayırlar.

Bir müddət əvvəl Chanel firması parfümünün ucuz qiymətə satılması məsələsinə maraqlı mövqe bildirmişdi. Firma rəhbərliyi 60 dollara Chanel ətri alan adamın parfüm təcrübəsinin sıfır olduğunu açıqlamış, onlara anlayışlı müştəri lazım olduğunu bildirmişdi. Çünki məşhur ətirin ən kiçik flakonu belə 60 dollardan bahadır".

Aldanmamaq üçün nə etməli?

Əgər brenddirsə, niyə belə ucuz? Mütəxəssislərin sözlərinə görə, “brend” malların bəzisi onların özlərinin yararsız məhsuludur, bəziləri isə Çində istehsal olunur. Bu o deməkdir ki, Bakı mağazalarının əksəriyyətində dünyaca məşhur brendlərin yararsız malları satılır.

Bəs saxtalaşdırılmış brendləri həqiqidən necə fərqləndirmək olar?

Məsələn, Limitli Chanel çantaları və ya Hermes tərlikləri dəblə ayaqlaşmağı sevən qızların qarderobunun əsas əşyalarıdır. Bakıda da bu lüks aksessuarların Çin variantı minimum 5 mağazada tapa bilərik. Sosial şəbəkələrdə də məşhur brendlərin məhsulları ucuz qiymətə satışa çıxarılır.

Marketoloqlar deyir ki, dəb dünyasına möhür vurmuş brendlərin illərdir sadiq qaldıqları etibarlılıq sirləri olur. Məsələn, Chanel çantasını alarkən içərisinə baxmaq tövsiyə olunur. Çünki 1980-ci illərdən bəri buraxılan hər bir modelin individual nömrəsi olur və onlar təkrarlanmır.

2005-ci ilə qədər rəqəmlərin sayı 7 idi, sonra isə xüsusi kağızda 8 rəqəm dərc olundu. Yeni nömrələr plyonka ilə örtülüb. Plyonkanın sol tərəfində qara zolaq və loqotip var.

Louis Vuitton brendində isə Chaneldən fərqli olaraq nömrə individual deyil. Bu, çantanın buraxılma yerini və tarixini göstərir. 1980-ci ildən sonra buraxılan bütün çantalarda nömrə var. 1990-cı illərdən nömrə eynidir: 2 hərf, 4 rəqəm.

Yaxud götürək Hermes çantasının hazırlandığı ili müəyyən edən ştampı var. Bu, çantanın içərisində dəridə həkk olunan hərfdir. İlindən asılı olaraq, o kvadratın, dairənin içərisində və ya çərçivəsiz təqdim edilir. Hərflər əlifba sırası ilə gedir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər