Avstriyanın paytaxtında Vyana Texniki Universitetində “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
Bakıdan “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi (GEAD) və Vyanadan “Avstriya Akademiklər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın Laypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edib.
GEAD-dan verilən xəbərdə bildirilir ki, Şamxal Əbilov Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın etnik tərkibinin dəyişdirilməsindən, çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlar barəsində danışıb. “Xocalı faciəsi”nin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd edən Şamxal Əbilov, bir çox mənbələrdə, eləcə də, erməni mənbələrində Xocalı soyqırımını təsdiqləyən faktları sadalayıb.
Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə “Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət” mövzusunda məruzə ilə çıxış edib. O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb. Famil Qurbanov eyni zamanda, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda “Xocalı faciəsi” kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymət verilməməsini də təəssüflə qeyd edib.
Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
SEVİL