Azərbaycana rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusu verilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəşid Alimov arasında memorandum imzalanıb.
İmzalanma mərasimi ŞƏT-in Pekindəki qərargahında baş tutub.
E.Məmmədyarov razılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bu gün Azərbaycan rəsmən ŞƏT-in dialoq üzrə tərəfdaşı oldu. Bu bizim üçün böyük şərəfdir. Bizim qarşılıqlı münasibətlərimizə 2012-ci ildə, Azərbaycan prezidenti İlham Əliyevin ŞƏT-ə yönləndirdiyi məktubdan sonra başlayıb. Həmin məktubda Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması ideası yer almışdı. Mən düşünürəm ki, bu gün burada imzalanmış sənəd bizə belə vacib təşkilatla dialoqa başlamaq üçün imkan yaradır".
R.Alimov öz növbəsində qeyd edib ki, ŞƏT imzalanmış bu memorandumu "təşkilatın daha da inkişaf etdirilməsi işinə mühüm töhfə kimi" qiymətləndirir: "Azərbaycan Respublikasına dialoq üzrə tərəfdaş statusunun verilməsi bu ölkənin təşkilatın fəaliyyətinə fəal qoşulmaq imkanı verəcək".
Samir