Azərbaycan Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi tamam olur.
Nəsibə xanım Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.
Sərəncamda deyilir ki, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş böyük sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.