2 Aprel 2016 18:57
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası cəbhə xəttində baş verən hadisələrin kütləvi informasiya vasitələrinə ikinci dəfə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir ki, müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması və döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır: “Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, bu mövzu barədə məlumatlar əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayılmış informasiyalardan, müəyyən qismi isə KİV-lərin təhlillərindən, ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, habelə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Sosial şəbəkələrdə guya cəbhəyanı bölgədə əhalinin yaşayış məntəqələrini tərk etdiyi və “panik” əhval-ruhiyyənin hökm sürdüyü barədə yanlış, heç bir əsası olmayan, dezinformasiya xarakterli məlumatlar yerləşdirilir. Təcrübəyə istinadən demək olar ki, Azərbaycan əhalisi arasında təşviş yaratmaq üçün bu tipli dezinformasiyalar əsasən düşmən qüvvələr tərəfindən təşkil olunur. Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması hallarını nəzərə alaraq, Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa və düşmənin təxribatlarına uymamağa çağırır. Şura hesab edir ki, bu kimi vəziyyətlərdə medianın vətəndaş mövqeyinə, milli maraqlara söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar”.

Azərbaycan Mətbuat Şurası bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri, həmçinin sosial şəbəkə fəallarını cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırıb. Qurum, eyni zamanda, əlaqədar dövlət orqanlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər