4 Aprel 2016 19:04
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edir:

- Şəmistan müəllim, səhər saatlarından telefonunuza zəng çatmır. Hazırda haradasınız?
- Bu saat Ağdamdayam. Cəbhə bölgəsinə gəlmişik.

- Cəbhə bölgəsində vəziyyət necədir?
- Vəziyyət çox yaxşıdır. Xalqın əhval-ruhiyyəsi yüksəkdir. Hər yerdə qələbə əhval-ruhiyyəsi duyulur. Ordumuz da lazım olan addımları atır.

- Atəş səsləri eşidilirmi?
- Eşidilir. Uzaqdan toplar, iri çaplı silahlardan atəş açılır. Cəbhə bölgəsinə ordumuz tam nəzarət edir. Yüksəkliklər də ordunu nəzarətindədir. Bu baxımdan xüsusi narahatlıq yoxdur.

- Orduya dəstək məqsədilə cəbhə bölgəsinə səfər etmisiniz?
- Bəli. Burada əhali ilə görüşlər keçirir, insanlarla söhbət edir, vəziyyətlə tanış oluruq. Bildiyiniz kimi, son günlər cəbhədə baş verən hadisələr zamanı şəhidlərimiz olub. Bura gələndə Göygöl rayonunda və Gəncədə şəhid ailələrinə baş çəkdik. Eləcə də Ağdamda şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin dəfn mərasimləri də yüksək səviyyədə və böyük izdihamla təşkil edilmişdi. Hər kəs ürəklə iştirak edirdi. Əhval-ruhiyyə yüksəkdir.

- Siz Müdafiə Nazirliyinin xətti ilə cəbhəyə getmisiniz?
- Xeyr. Burada təkcə mən deyiləm. Respublika Səfərbərlik Xidmətinin təşəbbüsü ilə belə bir səfər təşkil olunub. Mən də Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədriyəm. İmkanımız qədər cəbhə bölgələrində olmaq, vəziyyətlə yerində tanış olmaq, mülki əhali ilə görüşmək və o cümlədən ordumuza dəstək vermək niyyətindəyik.

- Cəbhədə baş verənlərlə bağlı sosial şəbəkələrdə hərə bir cür məlumat verir. Siz nələri gördünüz, itkilərimiz və yaralılarımız barədə nə deyə bilərsiniz?
- Ordumuz düşmənə layiqli zərbə endirib. Hesab edirəm ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına inanmaq lazımdır. Müharibə şəraitində nazirlik vəziyyətlə bağlı məlumat yayır, real durumla bağlı ictimaiyyəti məlumatlandırır. Müdafiə Nazirliyindən kənar səsləndirilən xəbərlərə ciddi fikir vermək lazım deyil. Ancaq rəsmi məlumatı izləmək, oxumaq və qəbul etmək lazımdır. Ordumuza uğurlar arzu edirik və hər an onun yanındayıq.

- Cəmiyyətin ordumuza münasibəti sizi qane etdimi?
- Bəli, qane etdi. Hər kəs ordumuzu dəstəkləyir. Bu müsbət haldır və belə də olmalıdır. Çünki ordu müqəddəs institutdur.

NEMƏT


Müəllif: