Ermənistanın “Armenian Report” saytı son günlər cəbhədəki gərginlik fonunda Azərbaycana verilən xarici dəstək, Ermənistanın isə müttəfiqləri tərəfindən ayaqlar altına atılmasından yazıb.
“Armenian Report” yazır ki, iki ölkə - Türkiyə və Pakistan dərhal Azərbaycana öz yardımlarını təklif ediblər: "Məsələn, Pakistan Müdafiə Nazirliyindən Azərbaycan hökumətinə yardım təklifi daxil olub. Bu ölkənin hərbi müəssisəsi hərbi texnika, döyüş sursatı və mərmi təminatı ilə bağlı yardım təklifini edib. Bu təklif açıq mətnlə edilib. Türkiyə Xarici İşlər Nazirliyi isə “Ermənistan ordusunun Qarabağda təxribatını” pisləyib və dünya ictimaiyyətini “Ermənistan ekspansionizmin dayandırılmasına və ilhaq edilmiş Azərbaycan torpaqlarının azad edilməsi üçün səyləri gücləndirməyə” çağırıb.Türkiyə Prezidenti Ərdoğan və baş nazir Davutoğlu rəsmi şəkildə Azərbaycan ordusu və Əliyev hakimiyyətinə dəstəklərini ifadə ediblər. Halbuki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müttəfiqlərimiz tərəfindən Ermənistana analoji dəstək göstərilməsi barəsində adi bir işarə də yoxdur. Guya ki, belə bir müttəfiqlərimiz var - bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstandır".
Sayt Belarus prezidenti Lukaşenkonun dərhal İlham Əliyevə zəng edərək özünün dərin narahatlığını ifadə etməsini, bundan sonrakı təxribatların qarşısının alınması üçün bütün səylərin göstərilməsini vacibliyini vurğulamasından bəhs edərək yazır ki, Belarus Xarici İşlər Nazirliyi birmənalı şəkildə Azərbaycanı dəstəkləyib. Çünki Belarus XİN rəsmi saytında Minskin “münaqişənin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsip və normaları, hər şeydən öncə, suverenitetin , ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının təmin edilməsi və BMT-nin müvafiq qətnamələri, ATƏT-in qərarlarına uyğun həllini tapmasına tərəfdar olduğunu” yazıb.
Həmin bəyanatdan sonra Belarusun Ermənistandakı səfiri İqor Nazarov Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və orada nazir müavini Şavarş Köçəryan səfirə Belarus Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı dərin narazılığını ifadə edib. İqor Nazarova bildirilib ki, bu cür bəyanatlar Ermənistan-Belarus münasibətlərinin ruhuna uyğun deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsilçiliklə ziddiyyət təşkil edir.
"Biz digər müttəfiqlərdən - qazaxlardan da dəstək görmədik. Sosial şəbəkələrin bütün qazax seqmenti “qardaş-türk” azərbaycanlılara dəstək şərhləri ilə doludur. Bundan başqa bir sıra daha dəliqanlı qazax, hətta, özlərinin soydaşlarını Azərbaycan səfirliyinə yollanmağa və Bakının Cəmiyyətdəki əhvali-ruhiyyəni yaxşı bilən Nazarbayev də öz müttəfiqi Ermənistanı təşkilat çərçivəsində dəstəkləməkdən çəkinib. Qırğızlar və taciklərsə, ümumiyyətlə, susmağı üstün tutublar. Amma bizim bir dəqiqə belə şübhəmiz olmayıb ki, bu iki müsəlman respublikasının simpatiyası Azərbaycan tərəfində olsun", deyə “Armenian Report” yazır.
Sayt sonda Rusiyanın proseslərə münasibətindən yazıb: "Bircə Rusiya qalıb. Gəlin xatırlayaq ki, 2008-ci ilin avqustunda Gürcüstan Cənubi Osetiya və Abxaziyaya hücum edəndə, Rusiya necə davrandı. Moskva dərhal ordu ilə Gürcüstana ciddi zərbə endirdi və onu sülhə məcbur etdi. İndiki halda isə Rusiya öyüd-nəsihətlərlə, hərbi əməliyyatları dayandırmaq çağırışları ilə çıxış edir. Halbuki biz ermənilər ondan daha aktiv iş gözləyirdik. Bizim buna tam haqqımız çatır. Ermənistan sözügedən təşkilatın üzvü olmaqdan əlavə, Rusiyanın Qafqazda yeganə müttəfiqidir. Amma ağır vəziyyətə düşən Ermənistan öz müttəfiqləri tərəfindən aşağılanır və ayaq altına atılır".
Ayxan