Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı dinlənilib.
Teleqraf.com xəbər verir ki, hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Hesabatda qeyd olunur ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb.
Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib.
Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb.
Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-ə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib.
Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib.
Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Komitə sədri Ziya Səmədzadə qeyd edib ki, onlar Hesablama Palatası ilə birgə çalışırlar və irəli sürdüyü təklifləri nəzərə alınır: “Hesabatın strukturu ənənəvi strukturlardan fərqlənir. İlk dəfə olaraq hesabatda büdcənin sistemli təhlilinə yol verilib. Palata həmçinin vergi, gömrük, əmək məcəllələri ilə bağlı təkliflər irəli sürüb”.
Millət vəkili Qənirə Paşayeva isə təklif edib ki, valideyn himayəsindən məhrum olan uşaqlar təhsil haqqından azad edilsin: “Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməldir. Qanunvericilikdə göstərilir ki, valideyn himayəsindən məhrum uşaqlar 18-23 yaş arasında təhsil haqqından azaddırlar. Lakin bu heç də o anlama gəlmir ki, bu kateqoriyadan olan uşaqların hamısı 18 yaşında ali məktəbə daxil olur. Bəzən bu uşaqlar bir neçə ildən sonra universistetlərə daxil olurlar. Bununla da bir neçə kurs geri düşürlər. Belə çıxır ki, həmin uşaqlar yalnız 23 yaşına qədər təhsil haqqından azad olurlar. Qalan illər üçün isə təhsil haqqı ödəməlidirlər”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib ki, ölkəni daha demokratik görmək istəyiriksə, daha şəffaf olmalıyıq: “Bununla bağlı müvafiq qurumlar var və onlardan biri də Hesablama Palatasıdır. Hesabatın dili qəlizdir. Elə cümlə var ki, 70-80 sözdən ibarətdir. Gələcəkdə bu məqam nəzərə alınmalıdır”.
Ə.Amaşov media haqqında danışarkən deyib ki, əksər media Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edib: “Bəzi media qurumları isə bu məsələyə kiçik prizmadan yanaşdılar. Bəli, hesab edirəm ki, parlament barədə bəzi qərəzli məqalələr olub. Mən də buna etirazımı ifadə edirəm”.
Deputat Əli Məsimli söyləyib ki, Hesablama Palatasının fəaliyyətində büdcə vəsaitinin xərclənməsində effektivliyin artırılması məsələsi haqda danışılıb: “Azərbaycan borcları devalvasiyadan əvvəl 10 faiz, devalvasiyadan sonra 20 faizə qalxıb. Bu təhlükəli hədd olmasa da, ölkəmiz üçün uyğun deyil. Bizdə heç vaxt xarici borc 10 faizdən çox olmayıb”.
Deputat deyib ki, 17 minə yaxın insan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalıb. Biz bunu pisləyir və təklif edirik ki, “Təhsil krediti haqqında” qanun qəbul edilsin.
Sonda deputatlar hesabatı qəbul edib.
Nemət