Aprelin 18-dən 22-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-aa verilən məlumata görə, sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər. Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, Suriyalı qaçqın böhranı, Miqrant və qaçqın hüquqları – Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Tədbirdə AŞPA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaq.
Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirə olunması da gözlənilir. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.